Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxın sərhəd kəndlərinin sakinləri yaz-tarla işlərinə çıxıblar

10 aprel 2017 | 16:00

Hər fəslin öz gözəlliyi olsa da, baharın ayrı yeri var. Çünki qarlı-şaxtalı  qışdan sonra təbiətin oyanması, hər tərəfin yaşıllığa bürünməsi  insanlara xoş ovqat bəxş etməklə  yanaşı, onların işgüzarlığını da artırır. Belə bir dövrdə cəbhə bölgəsində yerləşən Qazax rayonunun  Cəfərli və Bala Cəfərli  kəndlərinin sakinləri  də sahələrə çıxır, bol məhsul istehsal etmək  üçün çalışırlar.  Onlar düşmənlə üz-üzə dayansalar da, dövlətimizin  qüdrətinə, ordumuzun gücünə  inanaraq  bir gün belə torpaqdan ayrılmırlar.
Qeyd edək ki,  Cəfərli və Bala Cəfərli kəndləri Ermənistanın 4 kəndinin əhatəsində yerləşir. Əvvəllər Lələkənd, Uzuntala, Qaradaş adlanan həmin kəndlərin üçünün adı dəyişdirilərək erməni adları qoyulsa da, kənd sakinləri onları indiyədək köhnə adları ilə çağırırlar.
Cəfərli kəndinin  hazırda 1500-ə yaxın sakini, 350 təsərrüfatı var. Camaatın əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Cəfərlilər o qədər işgüzardırlar ki, hətta Erəmənistan tərəfindən tez-tez atılan güllələr də onların əlini işdən soyutmur. Bilirlər ki, Azərbaycan Ordusunun əsgərləri o dəqiqə düşməni susduracaqlar.
Qazaxın digər kəndləri kimi, Cəfərli də bütün infrastrukturla  təmin edilib. Əhalinin qaz, işıq və su sarıdan problem yoxdur. Kənddə ATS, poçt, mədəniyyət evi, hətta iki kitabxana və iki müasir tibb məntəqəsi fəaliyyət göstərir.
Bala Cəfərli  nisbətən kiçik kənddir. Burada cəmi 25 evdə yaşayış var. Erməni mövqelərinə yaxın olduğundan bir neçə il düşmən atəşinə məruz qalan kənd camaatı öz ata-baba yurdlarından  didərgin düşmüşdülər. Dövlətin dəstəyi və qayğısı ilə dağılmış bütün evlər  bərpa edildikdən sonra sakinlər öz yurd-yuvalarına qayıdıb əkin-biçin işləri ilə məşğul olmağa başlamışlar. Hətta iki il əvvəl burada 80 yerlik yeni məktəb binası da inşa edilərək istifadəyə verilmişdir. Bu kəndin də qaz, işıq, su problemi yoxdur. Sakinlərin arzusu nəzərə alınaraq kənddə 4  artezian quyusu da istismara verilib.
Kənd sakini Nuriyyə Qasımova deyir ki, evi düşmən atəşi nəticəsində darmadağın olmuşdu. Rayon rəhbərliyi evi bərpa etmiş, həyətdə 13 metr uzunluğunda istinad divarı çəkilmişdir. 3 övladı olan Nuriyyə bildirir ki, indi özünü daha təhlükəsiz hiss edir. Oğlu Elşəni də evləndirib, 3 nəvəsi var.
Dağlıq Qarabağ Müharibəsi başlayandan Cəfərli və Bala Cəfərli kəndləri 5 şəhid verib. Müqəddəs torpaq uğrunda canlarından keçən igidlərin xatirəsinə hər iki kənddə ehtiram göstərilir. Onların anım günləri keçirilir, məzarları ziyarət olunur. Bundan başqa mədəniyyət evində və orta məktəbdə onların həyatından bəhs edən güşələr də yaradılmışdır.
Rayon icra hakimiyyəti digər sərhəd kəndlər kimi, Cəfərli və Bala Cəfərli kəndlərinin sakinlərinə də xüsusi qayğı ilə yanaşır. Tez-tez kənddə olan rayon rəhbərləri  sakinlərin problemləri ilə maraqlanır, lazım gəldikdə onlara hər cür yardım göstərirlər. Götürək Cəfərli kəndinin sakini  Məmməd Qarasaqqalovu. 2014-cü ildə  ərazidə mal-qara otararkən minaya düşmüş və bir ayağını itirib. Bu yaxınlarda Məmməd kişinin evi  dövlət tərəfindən yüksək səviyyədə təmir edilib.
Kənd sakini Sədaqət Almazova da dövlətin dəstəyini hər zaman hiss etdiyini bildirərək dedi ki, düşmən mövqeyinə yaxın olmasına baxmayaraq, yeni ev tikdirirdi. Həyat yoldaşı Kəmərlidə düşmən təxribatının qarşısını alarkən şəhid olduqdan sonra evin tikintisi yarımçıq qaldı. Keçən il rayon rəhbərliyi onu 1600 mişar daşı və sementlə təmin etdi. Artqı evin inşası başa çatmışdır.  Erməni ordusunun mövqelərindən tez-tez hər iki kəndə müxtəlif çaplı silahlardan atəş açılır. Lakin kənd sakinləri yaxşı bilirlər ki, bütün bunlar düşmən təxribatıdır. Odu ki, heç bir atəş səsi onların əllərini işdən soyutmur. Hər il yüksək məhsuldarlıq əldə edən sakinlər  sahələrə çıxır, bol məhsul yetişdirirlər. Qeyd edək ki, keçən il Cəfərli kəndinin sakinləri 450 hektarda taxıl, 150 hektarda kartof əkmişdilər. Sahələrdən bol məhsul əldə edən kəndlilər cari ildə bu göstəriciləri artırmaq niyyətindədirlər.
Heyvandarlığın inkişafı da diqqət mərkəzindədir. Hazırda burada 390 baş qaramal, 3 min 150 baş davar bəslənilir. Hətta elə kənd sakini var ki, hər il mal-qarasının sayını artıraraq dolanışığını yaxşılaşdırır. Onlardan biri Namiq Mustafayevdir. Hazırda onun  9 baş iribuynuzlu, 30 başdan çox davarı var. Hər il 2 hektar sahədə taxıl da əkir. Keçən il hər hektardan 25 sentner məhsul götürən Namiq  bu il əkin sahəsini bir qədər genişləndirmək fikrindədir. Bundan başqa, mal-qaranı yemlə təmin etmək üçün 1 hektar yonca sahəsinə də qulluq edir.
Abdulla Əsgərovun 65 yaşı var. Ailəsinin dolanışığını, demək olar ki, tam təmin edir. Qapısında 25 arı ailəsi, malı-heyvanı,toyuq-cücəsi var. Söhbət zamanı dedi ki, istehsal etdiyi balı hər il Bakıda təşkil edilən yarmarkada satır. İki oğlu, bir qızı var. Oğlanlarından biri hazırda hərbi xidmətdədir. Evə yazdığı məktublarda çox razılıq edir. Yazır ki, ordumuzda yüksək nizam-intizam var, bütün təminat yüksək səviyyədədir.
Cəfərli kənd icra nümayəndəsi Şahin Mustafayev də  söhbət zamanı bildirdi ki, istər Cəfərlidə, istərsə də Bala Cəfərlidə həyat öz axarı ilə gedir. İnsanlar gündəlik qayğıları ilə məşğuldurlar. Ölkə rəhbərinin çağırışına qoşulan kənd sakinləri ilk dəfə olaraq keçən il iqtisadi cəhətdən  daha sərfəli olan tütün istehsalı ilə məşğul olmağa başlamışlar. Onlar Şəki Tütün Kombinatına 5 ton quru tütün təhvil verərək xeyli gəlir əldə etmişlər. Bundan başqa, Cəfərli kəndinin sakinləri 3 hektar sahədə əkdikləri soğandan da mənfəət götürmüşlər.
Bəli,  bu gün Azərbaycanın sərhəd kəndlərində yaşayanlar özlərinin, ailələrinin güvənli olduqlarını hiss edir. Azərbaycan Ordusunun gücünə, qüdrətinə inanaraq gündəlik qayğıları ilə məşğul olurlar.

         Sabir ƏLİYEV,
      "Azərbaycan"
09.04.2017

Keçidlər