Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar “Heydər Əliyev müstəqil Azərbaycan Dövlətinin qurucusudur” mövzusunda elmi –praktik konfrans keçirilmişdir

05 may 2017 | 16:00

Qazax rayonundakı Gənclər Mərkəzində Qazax rayonu İcra Hakimiyyətinin və YAP Qazax Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildöndönümü ilə əlaqədar “Heydər Əliyev müstəqil Azərbaycan Dövlətinin qurucusudur” mövzusunda elmi–praktik konfrans keçirilmişdir. Konfrasda idarə, müəssisə təşkilat rəhbərləri, YAP fəalları, gənclər, ictimaiyyət və KİV nümayəndələri iştirak etmişdir.
Konfransdan əvvəl Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi anılmış və abidəsi önünə gül dəstələri qoyulmuşdur. Sonra Ulu Öndərin adını daşıyan Mərkəzdə Heydər Əliyevin həyat və fəaliyyəti ilə ətraflı tanış olunmuş və kitab sərgisinə baxış keçirilmişdir. 
Gənclər Mərkəzində keçirilən konfransda Ümummilli lider Heydər Əliyevin  həyat və fəaliyyətinə həsr edilmiş film nümayiş olunmuşdur.
Elmi-praktik konfransı rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov açaraq geniş məruzə ilə çıxış etmişdir.  Bildirilmişdir ki, hər bir ölkəni, dövləti, milləti dünyaya tanıdan ilk növbədə onun siyasi xadimləri, tarixi şəxsiyyətləri olur. Onlar öz xalqının və millətinin layiqli təmsilçiləri kimi həm özlərinə, həm də öz xalqlarına tarixdə əbədi iz qoyur, doğma Vətənlərinin tarixini zənginləşdirməklə bərabər onun dünya arenasında tanınmasında və nüfuzunun yüksəlməsində misilsiz rol oynayırlar. Bu baxımdan Azərbaycan xalqının əbədiyaşar lideri Heydər Əliyevin gördüyü işləri heç bir dövlət rəhbərinin gördüyü işlərlə müqayisə etmək olmaz.
Heydər Əliyev Azərbaycanın o tarixi şəxsiyyətlərindəndir ki, daim xatırlanır, heç vaxt unudulmur və unudulmayacaqdır. Ona görə ki, o, öz xalqı, Vətəni üçün çoxlarının görə bilmədiyi işləri görmüş, ölkəsinin gələcək inkişaf yollarını düzgün müəyyən etmiş və cəmiyyəti bu yolun düzgünlüyünə inandıra bilmişdir. Heydər Əliyevin xidmətləri yalnız öz xalqlarının xilaskarı sayılan tarixi şəxsiyyətlərin xidmətləri ilə müqayisə oluna bilər. Ən başlıcası odur ki, o, öz xalqının müdrik rəhbəri kimi hər bir azərbaycanlını müstəqilliyimizin qədrini bilməyə, onu göz bəbəyi kimi qorumağa və yaşatmağa istiqamətləndirə bilmişdir.
Həyatının bütün mənasını Azərbaycan xalqına və dövlətinə xidmətdə görən, “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” deyəndə öz sevinci ilə qürur duyan və bu sevinci hər bir azərbaycanlıya bəxş edən ulu öndər hələ sovet imperiyası dövründə hər bir addımı, sözü, hərəkəti ilə bunu təsdiq etmişdir. Sovet rejiminin ciddi nəzarəti altında olduğu halda, Azərbaycanın mənafelərini göz bəbəyi kimi qoruyan bu böyük insan Azərbaycanın müstəqilliyini dünyanın ən böyük neməti hesab etmiş, bu müstəqilliyin əbədi olması, gündən-günə möhkəmlənməsi və Azərbaycanın dünyaya tanıdılması üçün bütün varlığı ilə çalışmışdır.
Sovet dövründə respublikaya rəhbərlik etdiyi illərdə o, keçmiş Sovetlər İttifaqının xammal və aqrar respublikalarından biri kimi tanınan Azərbaycanı sənaye ölkəsinə çevirmiş, onun təkcə Bakı nefti ilə deyil, o dövrün ən müasir texnologiyaları əsasında buraxılan məhsulları ilə də tanınmasına nail olmuşdu. Heydər Əliyev Azərbaycanı ittifaq büdcəsinin dotasiyasından asılı olmayan, özünü tam təchiz edə bilən bir respublika kimi tanıda bilmişdi.
Azərbaycan xalqının tarixinə və taleyinə qızıl səhifələr yazmış Heydər Əliyevin Azərbaycanın müstəqillik illərində ölkəyə yenidən rəhbərlik etməsi həqiqətən xalqımız üçün böyük uğur və xoşbəxtlik idi. Onun respublikada olmadığı qısa müddətdə Azərbaycan xalqının başına gətirilən fəlakətləri bu gün biz tarix kitablarından oxuyub öyrənir, Azərbaycan dövlətçiliyinin xilası naminə gördüyü işlərin miqyasını zaman keçdikcə daha dərindən dərk edir, Azərbaycanın müstəqillik və azadlığının nə qədər möhkəm bir bünövrə üzərində formalaşdığını, bu bünövrənin məhz Heydər Əliyev ideyaları əsasında qurulduğunu bir daha aydın görürük.
1993-cü ildə Azərbaycan xalqının təkidi və tələbi ilə yenidən respublika rəhbərliyinə qayıtmış Heydər Əliyev ilk növbədə ölkədə hökm sürən dərəbəyliyi və özbaşınalığı, xaosu aradan qaldırmağı qarşısına məqsəd qoymuş və çox çətinliklə də olsa qısa müddətdə buna nail olmuşdu. Müxtəlif siyasi qrupların ambisiyaları üzündən ölkənin iqtisadi vəziyyətinin bərbad hala düşməsi çox böyük problemlər yaratsa da, Heydər Əliyev öz qətiyyəti və iradəsi sayəsində onları dəf edə bilmiş, xalqı ardınca apararaq onu daha böyük fəlakətlərdən xilas edə bilmişdi.
Heydər Əliyev ilk növbədə ölkə vətəndaşlarının hüquq və azadlıqlarının təmin edilməsi üçün böyük səylər göstərir və hər bir insanın hüquq və azadlıqlarını təmin etmək üçün yeni Azərbaycan Konstitusiyasının qəbul edilməsinə bilavasitə rəhbərlik edirdi.
Heydər Əliyevin 1993-2003-cü illərdəki fəaliyyətinə bu gün yenidən nəzər saldıqda onun tükənməz enerjisinə və bu illər ərzində təkcə xarici ölkələrə etdiyi səfərlərin sayına heyrət etməmək olmur. Ölkədə daxili vəziyyəti sabitləşdirməyə nail olan ulu öndər 10 il ərzində 108-dən çox xarici səfər etmişdir. Bu səfərlərin nə dərəcədə intensiv olmasını o dövrün mətbuatını və xronikasını izlədikdə daha yaxından görmək olur. Yaşının çoxluğuna baxmayaraq qəlbindəki Vətən məhəbbəti, xalq qarşısında məsuliyyəti ona daim güc verir və bu böyük insan yorulmadan çalışmağa özündə qüvvə tapa bilirdi.
Ulu öndər və iqtisadiyyat
Ümummilli lider Heydər Əliyevin əsas xidmətlərindən biri də o olmuşdur ki, Azərbaycan onun sayəsində bir çox böyük, qlobal iqtisadi layihələrə imza atmış, dünya iqtisadiyyatına inteqrasiya olunmuşdur. Azərbaycan iqtisadiyyatı ulu öndərin təşəbbüs və təklifləri ilə bir çox beynəlxalq əhəmiyyətli iqtisadi layihələrin müəllifinə və fəal iştirakçısına çevrilmişdir.
Ulu öndər Heydər Əliyev çox böyük məharətlə özünün neft strategiyasını işləyib hazırladı. Ümummilli liderimiz böyük uzaqgörənliklə dünyanın enerji tələbatının günbəgün artdığını görür, neft diplomatiyası dövrünün başlandığını və bu diplomatiyada ölkəsinin qazanacağı iqtisadi və siyasi dividendi yaxşı duyurdu. Dünyanın söz sahibi olan ölkələrinin nəhəng neft şirkətləri ilə intensiv danışıqlar başlandı.
Ulu öndər Heydər Əliyev bu sahəni özü qədər inandığı ən yaxın silahdaşı İlham Əliyevə tapşırdı. Bundan sonra danışıqlarda əsas üstünlük “açıq qapılar” və “balanslaşdırılmış siyasət” prinsiplərinə verildi. Bir tərəfdən təmkin və səbri, yüksək intellekti və insani keyfiyyətləri ilə mütənasib olan praqmatizmi, digər tərəfdən böyük müəllimi Heydər Əliyev kimi fenomenin qiymətli tövsiyə və məsləhətləri gənc İlham Əliyevə bu mühüm tapşırığın öhdəsindən layiqincə gəlməyə imkan verdi.
Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində, ağır şərtlərə baxmayaraq, ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfatı sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olundu. Ən əsası isə bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli - Azərbaycan modeli yaradıldı.
Sənayenin inkişafı ilə yanaşı Heydər Əliyev respublikada kənd təsərrüfatının inkişaf etdirilməsinə də xüsusi diqqət yetirirdi. Məhz bu diqqətin nəticəsində respublikada 40-dan çox normativ-hüquqi akt qəbul edilmiş, kənd təsərrüfatı məhsullarının satışında qiymətlər tam sabitləşmiş, idxal-ixrac əməliyyatlarında bütün maneələr aradan qaldırılmışdır.
Yaxın keçmişdə əsas kənd təsərrüfatı məhsullarını müxtəlif xarici ölkələrdən alan Azərbaycan indi əksinə, xaricə məhsul ixrac edir. Bu da sözsüz ki, məhsul istehsalının intensiv artımı nəticəsində mümkün olmuşdur.
İdxal-ixrac əməliyyatlarının bazar iqtisadiyyatının tələblərinə uyğun qurulması nəticəsində ölkəmizin beynəlxalq əlaqələri ilbəil genişlənir, möhkəmlənir və inkişaf edir.
1991-1994-cü illərdə inflyasiyanın böyük sürətlə, hətta dördrəqəmli faizə qədər artması müşahidə olunduğu halda, aparılan iqtisadi islahatlar nəticəsində 1995-ci ildən başlayaraq sabitləşmə prosesi getmiş, inflyasiyanın birrəqəmli həddə saxlanılmasına nail olunmuşdur.
İqtisadiyyatda aparılan islahatlar ölkənin maliyyə vəziyyətinin yaxşılaşmasını, dövlət büdcəsinin gəlirlərinin ildən-ilə artmasını təmin etmişdir. 2002-ci ildə dövlət büdcəsinin bütün mənbələrdən daxil olan gəlirləri 1993-cü ilə nisbətən 85 dəfə, xərcləri isə 72 dəfə artmışdır.
1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Bunun çox böyük iqtisadi dəyəri ilə yanaşı, siyasi əhəmiyyəti ondan ibarət idi ki, Azərbaycan dünya iqtisadi siyasətinin maraq mərkəzinə çevrildi.
Vaxtı ilə “Neft daşları”nın salınması Azərbaycanı Xəzərin hökmdarı etmişdisə, Heydər Əliyevin qətiyyətinin təntənəsi olan “Əsrin müqaviləsi” də müstəqil ölkəmizi dünyanın qüdrətli dövlətlərinin mühüm iqtisadi tərəfdaşına çevirdi.
Ümummilli lider müstəqil Azərbaycanın iqtisadiyyatının təkcə neft sənayesi üzərində qurulmasının da gələcəkdə arzuolunan nəticələr verməyəcəyini bilirdi. Məhz ona görə də neft gəlirləri hesabına iqtisadiyyatın digər sahələrini inkişaf etdirməyin, infrastruktur layihələrinin reallaşdırılmasına çalışmağın vacib olduğunu qeyd edir və buna səy göstərirdi.
Postsovet məkanında ilk dəfə Azərbaycanda Heydər Əliyevin göstərişi ilə torpaq islahatına başlandı. Kolxoz və sovxozların şəxsi və fermer təsərrüfatlarına çevrilməsi kənd təsərrüfatının inkişafında yeni üfüqlər açdı.
Heydər Əliyev üçün müstəqil Azərbaycan fəlsəfəsinin təməlində azadlıq, demokratiya, iqtisadi tərəqqi, sosial ədalət və rifah dururdu. Bu fəlsəfə onun memarı olduğu müstəqil Azərbaycanda öz real əksini tapdı.
Ulu öndər səhiyyə haqqında
Ümummilli lider hələ Azərbaycana rəhbərliyə gəlməmişdən xeyli əvvəl onun dəyərlər sistemində insanların səhhəti millətin sağlam gələcəyini şərtləndirən amil kimi, əsas yerlərdən birini tuturdu.Səhiyyə məsələləri ilə bağlı söhbətlər, müzakirələr, qayğılar, düşüncələr ulu öndərin gündəlik həyatının bir parçasına çevrilmişdi. Səhiyyənin ağrılı problemləri, zəif nöqtələri ilə yaxından tanışlığı sonralar Heydər Əliyevin vəziyyəti düzgün təhlil etməkdə və situasiyanı kökündən dəyişmək üçün doğru qərarlar qəbul etməkdə köməklik göstərmişdi. Tale elə gətirmişdi ki, ulu öndərin ailəsindəki həkimlər, xüsusən ömür–gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva da o dövrdə təbabət qarşısında duran başlıca problemlər üzərində düşünür, həlli yollarını axtarırdı. Onlar insanların sağlamlığı ilə bağlı ən ağrılı məsələləri Heydər Əliyevlə birgə müzakirə edir, tibbi–sosial problemlərdən mümkün çıxış yollarını arayanda bu müdrik rəhbərlə məsləhətləşirdilər.
Heydər Əliyevin prezidentliyi dövründə səhiyyəmizin maddi–texniki bazasının gücləndirilməsi istiqamətində də xeyli iş görüldü, o cümlədən bir sıra tibb müəssisələrində təmir–tikinti işləri aparıldı, bəzi səhiyyə ocaqları yeni avadanlıq və cihazlarla təchiz edildi. O illərdə bu sahədə ən diqqətəlayiq hadisələr—Azərbaycan Tibb Universitetinin yeni korpusunun istifadəyə verilməsi və müasir dünya standartlarına cavab verən Mərkəzi Klinik Xəstəxananın açılışı isə ümummilli liderin Azərbaycan xalqının sağlamlığına göstərdiyi qayğının ən parlaq təcəssümü oldu.
Bu gün digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də ulu öndərin siyasi kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ulu öndərin Azərbaycan müəllimi haqqında fikirləri
Hər bir müəllim bilməlidir ki, onun üzərinə düşən vəzifə, onun dövlət üçün, millət üçün, Azərbaycan xalqı üçün gördüyü iş bütün başqa sahələrdə fəaliyyət göstərən insanların hamısının işindən ən gərəklisi ən lazımlısıdır."
Müəllimlik işi həm şərəfli, həm də çətin işdir. Ali məktəb müəllimi olmaq, müəllimlər hazırlamaq, yəni müəllimlər müəllimi olmaq ikiqat şərəfli və eyni zamanda ikiqat məsuliyyətli işdir”; “Mən dünyada müəllim adından yüksək, şərəfli bir ad tanımıram”. Mən müəllimlərimi həmişə böyük hörmət və ehtiramla xatırlamışam. Bunu bu gün bir daha bildirmək istəyirəm. Arzu edərdim ki, müəllim elə müəllim olsun ki, bax, mənim hafizəmdə orta məktəbdən indiyədək yaşayan duyğular hər bir gəncin hafizəsində qalsın. Xatirimdədir, biz müəllimi görəndə həmişə özümüzü yığışdırırdıq. Müəllimdən həm qorxurduq, həm də ona hörmət edirdik. Biz müəllimin hər sözünü qanun kimi qəbul edirdik. Şəxsən mənim həyatımda müəllim ən ali sima olmuşdur. Mən tək deyiləm, hesab edirəm, Azərbaycan vətəndaşlarının əksəriyyəti mənim kimi belə düşünür. Hər kəs öz həyatında müəllimlə özünün əlaqəsi haqqında fikirlər söyləyə bilər. Ancaq mənim çoxillik həyatımda, dünyanın çox mərhələlərini keçib gəldiyim həyatımda ən çox yadımda qalan, mənim üçün əziz olan müəllimlərdir. Mən onları bu gün də böyük minnətdarlıqla xatırlayıram. Hesab edirəm ki, mənim öz daxili istedadımla yanaşı, müəllimlərimin mənə verdikləri bilik, tərbiyə, müəllimlərimin mənə göstərdiyi yol bütün həyatımı həmişə uğurlu edibdir və bu gün də uğurlu edir".
" Əziz və hörmətli müəllimlər! Mən sizin hamınıza cansağlığı, səadət, gələcək işlərinizdə uğurlar arzu edirəm. Sizi əmin edirəm ki, mən daim sizinlə olacağam. Siz mənim ən yaxın dostlarımsınız və heç bir qüvvə məni sizdən, sizi də məndən ayıra bilməz!
Eşq olsun Azərbaycan müəlliminə!
Eşq olsun Azərbaycan məktəbinə!
Yaşasın müstəqil, demokratik Azərbaycan
Ulu öndərin təhsillə bağlı fikirləri
  Təhsil millətin gələcəyidir.
Mən dünyada müəllimdən yüksək ad tanımıram.
Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı   olmayaraq,  bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.
Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir   sahəsidir  Cəmiyyət təhsilsiz inkişaf edə bilməz.
Ulu Öndərin uşaqlarla bağlı fikirləri
Ulu Öndər Heydər Əliyev uşaqlara daim diqqət və qayğıynan yanaşmışdır. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1994-cü il sentyabrın 27-də BMT-nin Uşaq hüquqları konvensiyasını imzalayıb. Həmin dövrdən başlayaraq dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycan Respublikasında da hər il uşaqların Beynəlxalq Televiziya və Radio günü bayram edilir. Hər il iyun ayının 1-i isə respublikada Uşaqları Beynəlxalq Müdafiə günü kimi qeyd olunur.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ilk dəfə 15 dekabr 1996-cı ildə Uşaqların Beynəlxalq Televiziya və Radio günü, habelə YUNİSEF- in 50 illiyi münasibətilə "uşaqlar dünyanın sevincidir" şənlik mərasimində iştirak edib. Mərasimdə çıxış edən Heydər Əliyev bu gün münasibətilə Azərbaycan Respublikasının bütün uşaqlarını, müstəqil Azərbaycanın bütün övladlarını təbrik edib. Uşaqlara göstərilən qayğının daha bir bariz nümunəsi 22 iyun 1999-cu il tarixdə qüvvəyə minmiş "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunudur.
Gənclərlə bağlı fikirləri
“Hər bir Azərbaycan gənci müstəqil dövlətimizin fəal qurucusu olmalıdır..”
Müstəqil Azərbaycan Respublikası Gənclərinin I Forumunda ulu öndər Heydər Əliyev gənclər haqqında dəyərli fikirlərini söyləmişdir:
Sizin qarşınızda böyük vəzifələr durur, qarşınızda çox böyük yol var, yol hamar deyil, asfalt deyil, yol uzun yoldur, cürbəcür maneələrlə bağlı olan yoldur, o yolu hər biriniz keçməlisiniz. Bu yol müstəqil Azərbaycanın gələcəyi yoludur. Hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməlidir və öz həyatını qurarkən, özünü həyatda fəaliyyətə hazırlayarkən və fəaliyyətə başlayıb onu davam etdirəcək. Özü haqqında da, ailəsi haqqında da düşünməlidir, ancaq hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir. Bu sizin vəzifənizdir və güman edirəm ki, hər bir Azərbaycan gənci cəmiyyətdə, vətəndə ölkədə öz vəzifələrini layiqincə yerinə yetirməyə çalışmalıdır.”
Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük bir məfhumdur. Bu sadəcə ortada xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq budur vətənpərvərlik.
Ulu öndər jurnalistlər barədə
1993-cü ildən bəri ilk dəfə olaraq Azərbaycanın prezidenti Heydər Əliyev ölkədə fəaliyyət göstərən qəzetlərin baş redaktorları ilə 2001-ci ilin 18 dekabrında görüşdü. Onlara daim diqqətlə yanaşan ulu öndər görüşdə jurnalistlərə müraciət edərək bu sözləri ünvanladı:
“Mən Azərbaycanın bütün mətbuatını bir daha əməkdaşlığa dəvət edirəm. Sizi əməkdaşlığa dəvət edirəm. Hamını ədalətə dəvət edirəm. Hamını dostluğa, birliyə dəvət edirəm”
Ulu öndər ziyalılar haqqında
Ulu öndər Heydər Əliyevin ən böyük xidmətlərindən biri də odur ki, Azərbaycanın tarixi keçmişini bərpa edib, milli-mənəvi irsini, dəyərlərini özünə qaytarıb, milli adət-ənənələrimizi yaşadıb Heydər Əliyev milli mədəniyyətimizin böyük hamisi idi. O, həmişə Azərbaycan yazıçılarına, kino və teatr xadimlərinə qayğı ilə yanaşmış, R.Rza, M.İbrahimov, C.Rəhimov, R.Behbudov, Q.Qarayev, F.Əmirov kimi ədəbiyyat və sənət xadimlərinin o zamankı SSR-nin ən ali mükafatı olan- Sosialist Əməyi Qəhrəmanı adı ilə təltif edilməsi birinci növbədə məhz Heydər Əliyevin təşəbbüsü və nüfuzu sayəsində mümkün olmuşdur.
   Ulu öndər Qazax ziyalılarına, şair və yazıçılarına, alimlərinə xüsusi diqqət ayırmışdır. O, hər dəfə S.Vurğunun məşhur “Azərbaycan” şeiri səslənərkən göz yaşlarını saxlaya bilmirdi. Qazaxağın görkəmli yazıçısı olan İsmayıl Şıxlı ilə dostluq münasibətləri olan H.Əliyev onun dəfnində şəxsən iştirak etmişdir.
Ulu öndər və Azərbaycan dili
Azərbaycan dilinin ölkənin dövlət dili elan edilməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin çox böyük xidmətləri olmuşdur.
Heydər Əliyev xalqın formalaşmasında, yaşamasında ana dilinin rolunu yüksək qiymətləndirmişdir. “Hər bir xalq öz dili ilə yaranır. Ancaq bu dili yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur”. Ulu öndər gənclərimizə məhz ana dili əsasında dünyanı dərk etməyi məsləhət görürdü. Azərbaycan gənclərinə xarici dilləri öyrənməklə, ilk növbədə, öz ana dilini daha mükəmməl bilməyi tövsiyə edirdi.
Ulu öndər və Yeni Azərbaycan Partiyası
"1992-ci ildə Naxçıvanda ağır bir şəraitdə, böyük təzyiqlər altında biz partiyanın yaranması ilə əlaqədar xeyli işlər gördük və ilk konfrans keçirdik. Yeni Azərbaycan Partiyası o vaxtkı mövcud vəziyyətdə bütün Azərbaycan xalqının mənafelərinə xidmət etmək üçün və xalqın o ağır dövründə ölkəmizin qarşısında duran məsələlərin həll edilməsi üçün zamanın tələblərinə uyğun olaraq, zərurətdən yaranmış bir partiyadır"
"Dünənin, bugünün, gələcəyin partiyası" olan Yeni Azərbaycan Partiyası ulu öndər sayəsində müstəqil Azərbaycanımızın dövlətçilik tarixində yeni bir yüksəliş  mərhələsinin
əsasını qoydu.
Heydər Əliyev və din
Ulu öndər   1994- cü  ildə Mədinə şəhərində  Peyğəmbər məscidinin fəxri qonaqlar kitabında etdiyi qeyddə göstərmişdir ki,   
"Mən islam  qaynaqlarının ümumbəşəri fəlsəfi əsaslara söykənməsini yenidən dərk etdim. Mən Qadir Allahın böyüklüyünü  dərk etdim".
Həmin kitabda dinimiz haqda qeyd tdiyi bu fikir onu göstərir ki, Ulu Öndər yuxarıda sadalanan sahələrlə bərabər müqəddəs dinimiz olan İslamı gözəl bilmiş və ona böyük iman hissi ilə bağlı olmuşdur.
Ulu öndər Qazaxda
Ulu öndər Heydər Əliyev Qazax rayonuna üç dəfə səfər etmişdir. İlk səfəri 1971-ci ildə, ikinci səfəri 1979-cu ildə və üçüncü səfəri isə 1998-ci ildə olmuş, Qazax sakinləri və ziyalıları ilə görüşmüşdür. Dahi şəxsiyyət həmin görüşdə Qazaxlıları yüksək qiymətləndirərək söyləmişdir: "Siz əziz Qazaxlılar, burada həm öz torpağınızı, həm Azərbaycanı qoruyursunuz. Siz bütün Azərbaycan xalqının dayağısınız".
Ulu öndərin hər bir hərəkəti, hər bir jesti, bütövlükdə onun insanlara , o cümlədən  ailə üzvlərinə,  dostlarına münasibəti, bütün bunlar bizim hər birimiz üçün nümunə idi və indi də nümunədir.
Hörmətli toplantı iştirakçıları,
Ulu öndərin layiqli davamçısı olan Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Heydər Əliyevin xarici siyasət kursunun həyata keçirilməsində, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü pozmuş erməni işğalçılarının təcavüzkar mövqeyinin beynəlxalq aləmdə ifşa olunmasında mühüm uğurlar qazanılmaqdadır. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan İlham Əliyev müasir və çevik siyasətçi kimi dünyada böyük hörmət və nüfuz qazanmışdır. Azərbaycan Prezidenti İlham Əliyev bir çox ölkənin və beynəlxalq təşkilatların fəxri adları və mükafatlarına layiq görülmüş, Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü diplomu və medalı ilə təltif olunmuşdur. Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmişdir.
Sonra çıxışlar olmuşdur. YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov “Heydər Əliyev müstəqil Azərbaycan Dövlətinin qurucusudur”,  Bakı Dövlət Universteti Qazax filialının direktoru Vüsət Əfəndiyev ”Heydər Əliyev və Azərbaycanda elmin inkişafı”, Qazax Dövlət Sosial İqtisadi Kollecinin baş müəllimi, YAP Qazax rayon təşkilatının Şura üzvü Tərlan Bədəlova ”Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz", Qazax bələdiyyəsinin sədr müavini, YAP Gənclər Birliyi Qazax rayon təşkilatının sədri Vüsal İsmayılov “Heydər Əliyev və Azərbaycan gəncliyi", Bakı Dövlət Universteti Qazax filialının baş müəllimi Məmməd Yusifov “Heydər Əliyev ideya nəzəri irsində insan amili”,  Bakı Dövlət Universteti Qazax filialının baş müəllimi  Mübariz Süleymanov  ”Heydər Əliyev və ordu quruculuğu”, Qazax şəhər  4 saylı uşaq bağçası körpələr evinin müdiri, YAP Qazax rayon təşkilatı  Qadınlar şurasının sədri Asya Alhüseynova “Heydər Əliyev və Azərbaycan qadını”, Qazax rayon Statistika İdarəsində məsləhətçi, YAP Qazax rayon təşkilatı Kommuna kənd ərazi ilk partiya təşkilatının sədri Eltun Axundov “Heydər Əliyevin gəncliyə qayğısı” və  Qazax şəhər sakini Nəzakət İsgəndərova  "Heydər Əliuev və Azərbaycanda təhsil" mövzularında çıxış etmişlər. 
Sonda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş şahmat üzrə rayon turnirinin və məktəblilər arasında keçirilmiş inşa yazı müsabiqəsinin qaliblərinə diplomlar və mükafatlar təqdim olunmuşdur.

Keçidlər