Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax: Böyük Azərbaycan şairinin yubileyi təntənə ilə qeyd olunub

20 may 2017 | 16:00

Yubiley tədbirinə şairin doğulduğu Yuxarı Salahlı  kəndindən başlanılıb. Tədbir iştirakçıları əvvəlcə Səməd Vurğunun poeziya evinə gələrək böyük şairin abidəsi önünüə gül dəstələri qoyub, əziz xatirəsini yad ediblər.
Sonra tədbir M.P.Vaqifin kənddəki abidəsi önündə davam  etdirilib. Şairin abidəsi önünə gül-çiçək dəstələri qoyan  tədbir iştirakçıları şairin xatirəsini böyük ehtiramla anıblar.
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov yubiley tədbirini giriş sözü ilə açaraq qonaqları salamlayıb. Sonra Respublika Prezidenti İlham Əliyevin 12 yanvar 2017-ci il tarixli sərəncamına əsasən mütəfəkkir şair M.P.Vaqifin yubiley tədbirlərinin  keçirildiyini qeyd edib.  Bu yubileyin qazaxlılar üçün, bütün Vaqisevərlər üçün  böyük poeziya bayramı olduğunu vurğulayıb.
Tədbirin aparıcısı, AYB Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək M.P.Vaqifin həyat və yaradıcılığından danışıb.
Sonra söz qonaqlara verilib. Qazax Xeyriyyə Cəmiyyətinin sədri İlham Pirməmmədov, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Teymur Bünyadov, şair, yazıçı, kindramaturq, Azərbaycan Yazıçılar Birliyinin yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi çıxış edərək Molla Pənah Vaqifin Azərbaycan ədəbiyyatındakı xidmətlərindən, onun yaradıcılığının ədəbiyyatımıza  bəxş etdiyi zənginliklərdən  söz açıblar.
M.P.Vaqif nəslinin davamçısı Vidadi Müftizadə çıxış edərək yüksək səviyyədə yubiley tədbirinin keçirirlməsinə və Vaqif yaradıcılığına, poeziyasına verilən dəyərə görə ölkə başçısı İlham Əliyevə ailəsi adından, Vaqif nəslinin nümayəndələri adından öz dərin minnətdarlığını bildirirb.
Daha sonra şairlər çıxış edib. Bakıdan, Daşkəsəndən, Tovuzdan, Ağstafadan, Qazaxdan olan şairlərlərdən Ələddin İncəli, İsa Cavadoğlu, Mustafa Rasimoğlu, Saqif Qaratorpaq, Zaməddin Ziyadoğlu, Rəfail İncəyurd,Sahib İbrahimli, Ramiz Təmkin şeirlər oxuyublar.
Sonra Yuxarı Salahlı kənd orta məktəbinin şagirdlərinin və Bakı Dövlət Universitetinin Qazax filialının tələbələrinin ifasında şairin şeirlərindən parçalar səslənib və “Vaqif” pyesindən bir səhnə nümayiş olunub.
Daha sonra M.P.Vaqifin anadan olmasının 300 illiyinə həsr olunmuş yubiley tədbiri rayon Gənclər Mərkəzində keçirilən elmi-praktik konfransla davam etdirilib.
  Konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək heykəli önünə gül dəstələri qoyub əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Sonra konfrans böyük Azərbaycan şairi M.P.Vaqifin həyat və yaradıcılığından bəhs edən “M.P.Vaqif” adlı filmin nümayişi ilə öz işinə başlayıb.
  M.Qazax rayon İcra Hakimiyyətinin Başçısı cənab Rəcəb Babaşov konfransı giriş sözü ilə açaraq ilk öncə qonaqları salamlayıb və M.P.Vaqifin anadan olmasının 300 illik yubileyinin keçirilməsinin əsl bayram olduğunu bildirib. Sonra şairin həyat və yaradıcılığı haqqında geniş məruzə ilə çıxış edib. Qeyd edib ki, bu torpaq, bu məkan tarixin müxtəlif mərhələlərində Azərbaycan ədəbiyyatına incilər bəxş etmiş, şair və yazıçılar yetişdirmişdir. Qeyd etdiyim kimi, Qazax şairlər diyarıdır. Buranın hər bir guşəsində sözün dəyərini bilən insanlara rast gəlmək mümkündür. Çünki, bu diyarda keçmişində öz adını tarixə qızıl hərflərlə yazmış insanlar yaşamışdır. Onlardan biri də Molla Pənah Vaqifdir. Vaqif 1717-ci ildə Qazax mahalının Salahlı kəndində anadan оlmuşdur. 1759-cu ildə Gürcüstan sərhəddində baş vеrən qarışıqlıqlar nəticəsində Qazax mahalının bir nеçə ailəsi kimi Vaqifin ailəsi də dоğma yurdlarını tərk еdib Qarabağ xanlığına köçməyə məcbur оlur. Vaqif burada da məktəbdar kimi çalışır. О, məktəbdə çalışdığı vaxt, еyni zamanda şеirlər də yazaraq yavaş-yavaş məşhurlaşır. İstеdadlı şair еyni zamanda hazırcavab, savadlı bir alim kimi də şöhrətlənmişdi. Şairin şöhrətini еşidən Qarabağ hökmdarı İbrahim xan оnu saraya dəvət еdib, еşik ağası, yəni daxili işlər üzrə vəzir təyin еdir. Lakin Vaqif az bir müddət ərzində öz ağıl və istеdadı ilə böyük nüfuz qazanır, xanlığın bütün daxili və xarici işlərini öz əlinə alır və təxminən 27 il müddətində sarayın ən mötəbər adamlarından biri kimi tanınır.
  Vaqif öz yaradıcılığı ilə sübut etdi ki, bədii əsər heç bir təhsil görməmiş adamlara da zövq verə bilər. Bunun üçün onun dilində yazmağı bacarmaq lazımdır. Vaqif yüksək zövq, incə hisslər, dərin və nikbin duyğular şairidir. Оnun yaradıcılığında məhəbbət lirikası əsas yеr tutur. Klassik şеrimizin əsas mövzusu оlan gözəllik şairin lirik qоşmalarında yеni bir məna, yеni bir təravət kəsb еdir. Aşıq şеrimizdən gələn yüksək dünyəvilik Vaqif lirikasında istiqamətvеrici rоl оynayır. Оnun qələmə aldığı gözəllər bütün xarici məlahəti və daxili zənginliyi ilə təsvir еdilir.
  1968-ci ildə Molla Pənah Vaqifin 250 illik yubileyi geniş miqyasda keçirilmişdir. Azərbaycan Respublikası Nazirlər Sovetinin 1970-ci il 30 yanvar tarixli 29 nömrəli qərarına əsasən Qazax rayonunda M.P.Vaqifin xatirə muzeyi yaradılmış, 2002-ci ildə isə həmin muzey “M.P.Vaqif və M.V.Vidadinin xatirə muzeyi” adlandırılmışdır. Ulu öndər Heydər Əliyev klassik ədəbiyyatı dərindən bilən və qiymətləndirən böyük şəxsiyyət idi. O, ədəbi irsin qorunmasına qayğı göstərərək Azərbaycanın klassik şair və ədiblərinin ev muzeylərinin yaradılması, xatirələrinin əbədiləşdirilməsi üçün böyük işlər görmüşdür.
  Əsrlər gəlib keçsə də Vaqif poeziyasının əsrarəngiz obrazları yaddan çıxmayacaq. Bunun bariz nümunəsidir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 12 yanvar 2017-ci il tarixdə böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədilə sərəncam imzalamışdır. Bu Sərəncama əsasən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlanmışdır. Elə həmin tədbirlər planına əsasən də bu gün Qazax rayonunda böyük şair Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd edilir.
Çıxışının sonunda R.Babaşov fikrini ulu öndərin dahi şairimiz haqda söylədiyi kəlamı ilə yekunlaşdıraraq qeyd edib ki, “Böyük şairimiz Molla Pənah Vaqif XVIII əsrdə şeir dilini xalq dilinə daha da yaxınlaşdırdı. Onun yazdığı şeirləri xalqın bütün təbəqələri həm anlaya, həm də qavraya bildi, həm də sevdi. Beləliklə, o, Azərbaycan şeirində yeni bir yol açdı”.
  Sonra söz qonaqlara verilib. Azərbaycan Milli Elmlər Akademiyasının ədəbiyyat institutunun professoru İslam Qəribli, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Teymur Bünyadov, AYB-nin Qazax filialının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal, tənqidçi, Azərbaycan Slavyan Universitetinin professoru Rüstəm Kamal, professor, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun “Müasir Azərbaycan dili” şöbəsinin müdiri İsmayıl Kazımov, dosent, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Aslan Salmanov, Qazax Xeyriyyə Cəmiyyətinin sədri İlham Pirməmmədov konfransda çıxış edərək M.P.Vaqif yaradıcılığından, şeirlərinin zənginliyindən, onun gözəllik şairi olmasından, Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən söz açıblar.
M.P.Vaqifin anadan olmasının 300 iliiyinə həsr olunmuş yubiley tədbiri günün ikinci yarısında Olimpiya İdman Kompleksində təşkil olunan bayram konserti ilə davam etdirilib.
Azərbaycanın xalq artisti Bilal Əliyevin, əməkdar artistlər İlkin Əhmədovun, Sabir Əliyevin, gənc müğənnilərdən Nigar Şabanovanın, Prezident təqaüdçüsü, tar ifaçısı Mustafa Aşurovun, aşıqlardan Camoy Qurbanovun, Yaşar Gülümcanovun, Saqif Məzəmlinin, Samir Cəlaloğlunun, Hüseyn Dərgahquluyevin, Həsən İncəlinin, Şahin Süleymanovun, Qoca Ərəbovun, “Səma” rəqs qrupunun ifalarında səslənən bir-birindən şəx, şux mahnılar, saz havaları, nümayiş olunan rəqslər əsl bayram əhval-ruhiyyəsi yaradıb.

 

Vəli VƏLİYEV,
"Respublika"

Keçidlər