Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan polisi günü ilə əlaqədar toplantı keçirilmişdir

01 iyul 2017 | 16:00

Qazaxda Azərbaycan polisi günü ilə əlaqədar təntənəli toplantı keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon hüquq mühafizə orqanlarının rəhbərləri, polis şöbəsinin şəxsi heyəti, veteran polis əməkdaşları, şəhid olmuş polis ailələrinin üzvləri, onların doğmaları və yaxınları, ictimaiyyət və KİV nümayəndəli iştirak etmişlər.
Əvvəlcə, Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi anılmış və  abidəsi önünə tər-çiçək dəstələri qoyulmuşdur.
Sonra Qazax şəhərində şəhid polislərin xatirəsinə tikilmiş bulaq kompleksinin açılışı olmuşdur. Açılışda rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov çıxış etmiş, rayondakı 283 nəfər şəhidin, o cümlədən, şəhid olmuş polis əməkdaşlarının xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinə göstərilən diqqət və qayğı ilə bağlı tədbir iştirakçılarına məlumat vermişdir. Bundan sonra abidə kompleksinin açılışı olmuş və abidənin önünə tər-çiçək dəstələri qoyulmuşdur.
Tədbir Qazax Rayon Polis şöbəsinin inzibati bainasındakı iclas zalında davam etmişdir. Əvvəlcə, şəhid polislərin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Tədbiri giriş sözü ilə  Qazax Rayon Polis Şöbəsinin rəisi, polkovnik-leytenant Ədalət Əliyev açmış və çıxış etmişdir.  Çıxış zamanı Azərbaycan polisinin yaranması, keçdiyi yol, əldə olunmuş uğurlar və qazanılmış nailiyyətlər barədə toplantı iştirakçılarına məlumat verilmişdir.
Toplantıda Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov geniş və ətraflı çıxış etmişdir. Polis işçilərini peşə bayramı münasibətilə təbrik etmiş və nitqinə Ümummilli Lider Heydər Əliyevin aşağıdakı sözləri ilə başlamışdır. Ulu Öndər Heydər Əliyev demişdir: “Azərbaycan Respublikasının dövlət atributlarından biri də Azərbaycan Ordusu ilə yanaşı, Daxili İşlər Nazirliyidir, bu nazirliyin sistemində olan idarələr və qoşun hissələridir, polis orqanlarıdır. Məlumdur ki, hər bir müstəqil dövlət bir neçə böyük sütun üstündə fəaliyyət göstərə bilir. Hər bir dövlət üçün, o cümlədən müstəqil Azərbaycan dövləti üçün bu sütunlardan biri də Daxili İşlər Nazirliyi, polis orqanlarıdır”.
Sonra bildirmidir ki, Azərbaycanın Rusiya İmperiyası tərəfindən tamamilə işğalından 12 il sonra, 1840-cı il, aprelin 10-da "Zaqafqaziyada inzibati və məhkəmə islahatlarının keçirilməsi haqqında" çarın fərmanı verilmişdir. Bununla da hərbi komendant üsul-idarəsi ləğv olunmuş, quberniya, qəza və sahə ərazi-inzibati bölgüləri yaradılmışdır. Elə həmin tarixdə də "Zaqafqaziya diyarının idarə olunması üçün ali təsdiqnamə" və "Şəhər polisləri haqqında əsasnamə" qəbul olunmuşdur. Bu əsasnamələrə müvafiq olaraq Azərbaycanın böyük şəhərlərində yaradılan polis idarələri ildən-ilə öz fəaliyyət dairələrini genişləndirmiş və 1917-ci ilə qədər rus imperiyasının qanunlarını rəhbər tutaraq fəaliyyət göstərmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranandan sonra Fətəli xan Xoyskinin başçılığı ilə hökumət təşkil edilir və o eyni zamanda Cümhuriyyətin ilk daxili işlər nazirliyi kimi fəaliyyət göstərir.
1918-ci il iyunun 24-də Azərbaycan Xalq Cümhuriyyəti Milli hökuməti "Hökumət müəssisələrinin öz vəzifələrini tərk etmiş qulluqçular haqqında" özünün 178 saylı qərarını verir. Həmin qərara uyğun olaraq iyulun 2-də Gəncədə ilk polis orqanları təsis edilir, onların kadr və maliyyə məsələlərinə baxılır.
1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə, nazirlik və onun tərkib hissəsi olan polis Azərbaycan dövlətinin formalaşmasında, milli maraqların qorunmasında mühüm rol oynamış, müstəqilliyin müdafiəsinin ön sıralarında olmuşdur.
1991–ci il oktyabr ayının 18–də Azərbaycanın dövlət müstəqilliyi və hüquqi dövlətin qurulduğu elan edildi. Cəmiyyətin bütün sahələrində olduğu kimi polis orqanlarında da islahatlar aparılmalı, polisin fəaliyyəti məzmunca yeniləşdirilməli idi. Lakin o zamankı ictimai–siyasi və iqtisadi şərait buna münasib deyildi. Xatırlayaq ki, həmin dövrdə ölkədə anarxiya, xaos və özbaşınalıq hökm sürürdü. Cinayətkarlıq halları baş alıb gedirdi, cəzasızlıq artmışdı.
Milli ordumuzun hələ yaradılmadığı o illərdə torpaqlarımızın müdafiəsi də ictimai asayişi qoruyan polis işçilərinin üzərinə düşmüşdü.
O illər polis orqanları üçün ən ağır bir mərhələ idi. Erməni silahlı qüvvələri ilə amansız döyüşlərdə yüzlərlə polis əməkdaşı həlak oldu və yaralandı. Qısaca desək, Azərbaycanda vəziyyət o dərəcədə gərgin idi ki, müstəqilliyin itirilmə təhlükəsi vardı. Başqa bir tərəfdən dövlət başında duranlar siyasi savadsızlıq göstərərək idarəetməni bacarmırdılar. Onlar daxili çəkişmələri yatırda bilmir, qayda–qanun yaratmağı, ictimai asayişi təmin etməyi bacarmır, müstəqilliyi möhkəmləndirmək haqqında düşünmürdülər.
1993–cü ilin iyununda ölkə vətəndaş müharibəsinin bir addımlığına gətirilmişdi. Qanunsuz silahlı birləşmələr tərəfindən Gəncə şəhərində 69 nəfər öldürüldü, şəhər təsərrüfatına ciddi ziyan vuruldu. Silahlanmış cinayətkar qruplar və dəstələr əl–qol açmışdılar. Xalqla dövlət və hakimiyyət başında duranlara inam tamamilə itmişdi. Kiçik korporativ qruplardan başqa hamı Ümummilli lider Heydər Əliyevə son ümid kimi baxır, yalnız onun rəhbər olmasını arzulayır və tələb edirdi.
Xalqın çağırışına cavab verən xalqımızın böyük oğlu həmin təhlükəli məqamda Bakıya gəldi və dövlət müstəqilliyinin qorunması məsuliyyətini üzərinə görürdü.
Müdrik dövlət xadimi, mahir diplomat və məşhur siyasətçi olan Ulu öndərimiz unudulmaz Heydər Əliyev 1993–cü ilin iyununda Azərbaycan Respublikası Milli Məclisinin sədri, üç ay sonra isə ölkə prezidenti seçildi. Bu həmin ərəfə idi ki, qanunsuz silahlı dəstələrin başçıları ölkəmizin cənub və şimal zonalarını Azərbaycandan qoparmaq və dövlətin müstəqilliyinə birdəfəlik son qoymaq kimi mənfur planı həyata keçirməyə başlamışdılar. Müdrik öndərimiz Heydər Əliyev hakimiyyətə gəlməsəydi, yəqin ki, müstəqilliyimiz itirələcək, tarixin yetmiş ildən sonra verdiyi bir imkan əldən çıxacaqdı. Yəni Heydər Əliyevə qədərki Azərbaycanın müstəqilliyi çox kövrək idi və həm də onun xalqın əlindən almaq istəyən xəyanətkar qüvvələr fəal iş aparırdılar.
1991–ci ilin oktyabrından 1993–cü ilin iyununa qədər keçən dövrdə Azərbaycanda hüquqi dövlətin yaradılması yolunda bir addım da atılmamışdı. Bu müddətdə kriminogen durum ağır olaraq qalır, cinayətkarlıq artırdı.
Ulu öndər Heydər Əliyev dövlət müstəqilliyini möhkəmləndirmək məqsədi ilə ictimai asayişin bərpa olunmasını, qanunsuz silahlı dəstələrin ləğv edilməsini və cəbhədə atəşkəsin əldə olunmasını, yəni torpaqlarımızın işğalının qarşısının alınmasını və vacib problem kimi ilk növbədə həll etdi. 1994–cü ilin oktyabr və 1995–ci ilin mart çevriliş cəhdləri iflasa uğrayandan sonra xarici bədxahlar və daxili pozucu qüvvələr başa düşdülər ki, Azərbaycan demokratiya yolu ilə gedir və burada çevrilişlə hakimiyyətə gəlmək mümkün deyil.
Ümummilli liderimiz daxili gərginliyi aradan qaldırdıqdan sonra dövlət quruculuğuna və islahatlara başladı. 1995–ci il noyabrın 12–də ölkənin Əsas Qanunu—Konstitusiyamız qəbul edildi. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğuna hüquqi baza yaratdı. Konstitusiyamızın əsas prinsiplərindən biri ölkədə vətəndaş cəmiyyəti yaradılmasının təmin edilməsi oldu.
Heydər Əliyevin rəhbərliyi ilə hüquqi islahat komissiyası yaradılmasının böyük əhəmiyyəti vardı. Sosial–iqtisadi islahatların həyata keçirilməsi üçün hüquqi bazanı təşkil edən qanunlar qəbul edildi. 1996–1999–cu illərdə İctimai münasibətlərin tənzimlənməsi sahəsində yeni mexanizmlər və prinsiplər müəyyənləşdirən “Konstitusiya Məhkəməsi haqqında”, “Prokurorluq haqqında”, “Məhkəmələr və hakimlər, haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Polis haqqında”, “Əməliyyat–axtarış fəaliyyəti haqqında” qanunlar, ailə, cinayət, cinayət prosessual, mülki, mülki–prosessual, inzibati, cəza icra hüququ və digər münasibətləri nizamlayan məcəllələr qəbul edildi.
Ulu öndər insan və vətəndaş hüquqları və azadlıqlarının qorunmasına mühüm vəzifə kimi baxırdı. Ona görə də Azərbaycan insan hüquqları sahəsində otuzdan çox beynəlxalq konvensiya və sazişə qoşulmuşdur.
Müstəqilliyimizin ilk illərində ulu öndərin tarixi xidmətləri nəticəsində Azərbaycan polisinin fəaliyyəti normal məcraya düşdü. Hüquq sahəsində aparılan islahatlardan sonra polis orqanları səngərlərdən qaytarılaraq öz peşə fəaliyyətlərinə cəlb edildilər. Cinayətkar dəstələr zərərsizləşdiridi, kriminogen şərait nəzarət altına alındı, cinayətkarlıq halları nəzərəçarpacaq dərəcədə azaldı.
Ümummilli liderimiz Heydər Əliyev polisin fəaliyyətini həmişə yüksək qiymətləndirir, onlara qayğı və diqqət göstərirdi. O, peşəkar polis zabitlərinin hazırlanmasına xüsusi diqqət yetirirdi.
Gənc kadrların yetişmələrini mühüm vəzifə hesab edən dahi rəhbər ali polis məktəbinin yaradılmasına önəm verirdi. Polis Akademiyasının açılması isə polis sıralarında çalışmaq arzusunda olanların ürəyincə oldu.
Müstəqillik illərində həm Ulu öndər Heydər Əliyev, həm də Azərbaycan Prezidenti İlham Əliyev polisin fəaliyyətinin daha da canlandırılması üçün bütün lazımi fərman və sərəncamları imzalamış və müvafiq tədbirlər görmüşlər. İndi demək olar ki, respublikanın bütün şəhər və rayonlarında polis şöbələri üçün müasir inzibati binalar tikilmiş və bu proses davam edir.
Xidməti vəzifəsini şərəflə yerinə yetirən polis işçiləri dövlətimizin ali orden və medalları ilə təltif edilmiş, fəxri adlara layiq görülmüşlər.
Heydər Əliyev ideyalarına ən çətin məqamlarda da sadiq olan Azərbaycan polisi bu gün möhtərəm Prezidentimiz, Silahl Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ağır, məsuliyyətli və həm də şərəfli vəzifələrinin öhdəsindən bacarıqla gəlir, dövlət başçısının onlara göstərdiyi qayğı və etimadı vicdanlı və layiqli xidmətləri ilə doğruldurlar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev polis orqanlarının fəaliyyətinə yüksək qiymət verərək qeyd etmişdir ki, “Azərbaycan polisi çox mühüm funksiyanı icra edir. Hər bir müstəqil dövlət üçün onun daxili işlər orqanları xüsusi əhəmiyyətə malikdir. Azərbaycanda ictimai–siyasi sabitliyin, asayişin qorunmasında polisin rolu çox yüksəkdir”.
Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev 30 iyun 2004–cü ildə “Azərbaycan Respublikasında polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair Dövlət Proqramının (2004–2008–ci illər) təsdiq edilməsi haqqında” sərəncam imzalamışdır. Elə həmin gün daha bir sərəncama—Azərbaycan Respublikasının daxili işlər orqanları işçilərinin vəzifə maaşlarının artırılması haqqında imza atması polis orqanlarına göstərdiyi yüksək diqqət və qayğısının bariz nümunəsidir.
Biz bilirik ki, Daxili İşlər Nazirliyinin bütün əməkdaşları Ümummilli liderimiz Heydər Əliyevin bu sözlərini həmişə öz fəaliyyətlərində rəhbər tuturlar: “Bu gün məmnuniyyət hissi ilə qeyd edirəm ki, Azərbaycanın Daxili İşlər Nazirliyi, onun orqanları, Azərbaycan polisi yaxşı səviyyədədir. Gələcəkdə Azərbaycan polisinin, Daxili İşlər Nazirliyinin işlərini daha da səmərəli etmək üçün zəmin yaranıbdır. Ümidvar olduğumu bildirmək istəyirəm ki, siz–Daxili İşlər Nazirliyinin bütün əməkdaşları qarşınızda duran vəzifələrin hamısını şərəflə, layiqincə yerinə yetirəcəksiniz”.
Sonra cənab Rəcəb Babaşov polis əməkdaşlarını peşə  bayramı günü münasibətilə bir daha  təbrik etmiş və onlara ailə səadəti,  xoşbəxtlik və çətin, həm də şərəfli peşələrində yeni-yeni uğurlar arzulamışdır.
Toplantıda Qazax rayon prokuroru Əlirza Babayev və Dövlət Təhlükəsizlik Xidmətinin Qazax rayon şöbəsinin rəisi Vidadi Həsənov çıxış etmişlər.
Sonda rayon polis şöbəsinin bir qrup əməkdaşına və veteran polislərə rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları və qiymətli hədiyyələri təqdim olunmuşdur.

 

Keçidlər