Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax: Yuxarı Salahlı bələdiyyəsinin uğurları

11 iyul 2017 | 16:00

Qazax rayonunda bütün sahələr kimi bələdiyyələrin də normal faəliyyəti üçün rayon rəhbərliyi tərəfindən bütün zəruri addımlar atılır. Bu günlərdə ana Kürün sağ sahilində yerləşən Yuxarı Salahlı bələdiyyəsinin fəaliyyəti ilə yaxından tanış olmaq üçün kəndə yollandıq. Bizi yuxarı Salahlı bələdiyyəsinin sədri Şahismayıl Məmmədov qarşıladı. Ş.Məmmədov uzun müddət təsərrüfat rəhbəri və başqa vəzifələrdə çalışmışdır. 2000-ci ildə Yuxarı Salahlılılar ona böyük etimad göstərərək səsvermə yolu ilə yekdilliklə onu kənd bələdiyyəsinə sədr seçmişlər. Həmin dövrdən o kənd sakinlərinin böyük rəğbətini qazanmış, bu səbəbdən də, növbəti bələdiyyə seçkilərində də onun lehinə səs vermişlər. Beləliklə, 2000-ci ildən hal-hazırkı dövrədək Ş.Məmmədov Yuxarı Salahlı bələdiyyəsinin sədri vəzifəsində çalışır. Müsahibimlə söhbət zamanı qeyd etdi ki, Yuxarı Salahlı bələdiyyəsində 1015 təsərrüfatda 3685 sakin yaşayır. Kəndin 3413 hektar torpağı, o cümlədən, 2137 hektarı əkinəyararlı, 868 hektarı isə örüş sahəsi kimi əhalinin ümumi istifadəsindədir. Kür çayı ilə kəndin arası 5 kilometrdir. Bələdiyyənin fondunda 45 hektar əkinəyararlı torpaq sahəsi vardır ki, bundan 32 hektarı sakinlərə icarəyə verilmiş və həmin ərazidə çuğundur əkilmişdir. Həmin əkinəyararlı sahənin 2 hektarında tütün, qalanında isə kəndlilər müxtəlif növ kənd təsərrüfatı məhsulları yetişdirirlər. Əkinəyararlı torpaqları suvarma suyu ilə təmin etmək üçün Kür çayı üzərində 2 ədəd su nasosu quraşdırılmışdır. Bu nasosların ikisi birlikdə eyni zamanda 1,5 kubmetr su vurmaq qabiliyyətinə malikdir. Bundan başqa Ağstafaçay su anbarından kəndə lazımi qədər su verilir. Bununla yanaşı, kənddə 7 ədəd subartezian quyusu işlək vəziyyətdədir. Göründüyü kimi Yuxarı Salahlıda istər suvarma, istərsə də içməli su tələbatı tam ödənilir. Cari ildə kənddə 469 hektar buğda, 174 hektar arpa, 2 hektar süpürgə, 2 hektar tütün, 59 hektar şəkər çuğunduru, 13 hektar bostan bitkisi, 64 hektar tərəvəz əkilmişdir. Barama istehsalında 300 kiloqram barama gözlənildiyi halda 330 kiloqram yüksək keyfiyyətli barama məhsulu təhvil verilmişdir. Tütündə artıq yığıma başlanmışdır. İlkin göstəricilər ürəkaçandır. Mütəxəssislərin fikrincə çuğundur plantasiyasında 1 hektardan 60 ton yüksək keyfiyyətli məhsul gözlənilir. Qeyd etmək lazımdır ki, süpürgə bitkisindən məişətdə istifadə olunmaqla yanaşı, onun dəninin yüksək kalorili olmasına görə, quşçuluğun inkişafında geniş istifadə edilir. Arpa biçini isə artıq başa çatmışdır. Hər hektardan 30 sentner məhsul əldə olunmuşdur. Kənddə buğda biçininə başlanmış və hər hektardan 40-45 sentner yüksək keyfiyyətli buğda əldə olunur. Qeyd etmək lazımdır ki, Yuxarı Salahlıda kənd təsərrüfatı texnikası ilə bağlı heç bir problem yaşanmır.

Ş.Məmmədov qeyd etdi ki, istər aqrar sahənin inkişaf etdirilməsində, istərsə də kənddə infrastruktur layihələrin həyata keçirilməsində Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovun rolu danılmazdır. İcra Başçısı tez-tez kəndə gəlir, sakinlərlə görüşür, çatışmazlıqların aradan qaldırılması üçün müvafiq göstəriş və tapşırıqlarını verir. Yuxarı Salahlıda doğulmuş xalqımızın dahi şairi Molla Pənah Vaqifin 300 illik yubileyi ərəfəsində rayon icra hakimiyyətinin və  Yuxarı Salahlı bələdiyyəsinin daxili imkanları hesabına şairin əzəmətli heykəli ətrafında 260 kvadrat metr sahədə bəzəkli daşlar döşənmiş, cürbəcür ağac və gül kolları əkilmişdir. M.P.Vaqifin ayaqüstü heykəli və postament təmir olunmuşdur. Bundan başqa 2016-cı ilin Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olmuş kənd sakini Elvin Namazovun qəbirüstü abidəsi ətrafında 80 kvadrat metr ərazi bəzəkli metal məhəccərlərlə şəhidin ailəsinin istəyinə uyğun bələdiyyənin daxili imkanları hesabına  əhatəyə alınmışdır. Kənd qəbirstanlığının daxilində 1,6 kilometr uzunluğunda yol hamarlanmış və çınqıl tökülmüşdür. Cari ildə yeni qazılmış subartezian quyusundan məhəllələrə polietilen borularla 2,4 kilometr uzunluğunda su xətti çəkilmişdir ki, bundan da hər bir ailə bəhrələnir. Bu isə içməli suya olan tələbatın tam ödənilməsi deməkdir. Bütün bunlarla yanaşı Yuxarı Salahlı bələdiyyəsi öz daxili imkanları hesabına bayramlarda Böyük Vətən Müharibəsi iştirakçılarına və onlara bərabər tutulan şəxslərə, eləcə də, Qarabağ qazilərinə, şəhid ailələri və aztəminatlı ailələrə ərzaq yardımı edir. Kənddaxili yollara da xüsusi diqqət göstərilir. Ötən il 1,2 kilometr kənddaxili yola çınqıl döşənmişdir. 2003-cü ildə Yuxarı Salahlıdan İkinci Dünya müharibəsində və Qarabağ döyüşlərində həlak olmuş şəhidlərin xatirəsini əbədiləşdirmək üçün xatirə kompleksi qurulmuşdur. Həmin dövrdən kompleksdə heç bir təmir işləri aparılmırdı, ancaq, rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovun kəndə ilk səfərində abidə kompleksi onun diqqətindən yayınmamış, dərhal kompleksin əsaslı təmiri ilə bağlı öz tapşırıqlarını vermişdir. 2016-cı ildə kompleks tamamilə yenidən qurulmuş, həmin ərazidə 240 kvadrat metr sahə bəzəkli daşlarla örtülmüş, ətrafında cürbəcür yaşıllıqlar salınmışdır. Müsahibənin sonunda Şahismayıl Məmmədov qeyd etdi ki, bundan sonrakı fəaliyyətlərini bələdiyyələr haqqında qanuna və nizamnamələrə uyğun olaraq daha müasir və mütərəqqi üsullardan istifadə etməklə davam etdirəcəklər.

 

                  Vəli VƏLİYEV

                  “Respublika”

                    08.07.2017

Keçidlər