Şriftin ölçüsü :

Saytın rəngi :

Torpaqların elektron kadastr uçotu informasiya sistemi yaradılır

16 avqust 2017 | 16:00

Əmlak Məsələləri Dövlət Komitəsi və Qazax rayon icra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Prezident İlham Əliyev tərəfindən verilmiş “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 7 mart 2016-cı il tarixli fərmandan irəli gələn məsələlərlə bağlı tədbir keçirilib.
    Gənclər Mərkəzində keçirilən tədbirdə rayonun aidiyyatı üzrə idarə, müəsisə və təşkilat rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri, ictimaiyyət və KİV nümayəndələri iştirak edib.
    Qazax rayon İcra Hakimiyyəti Başçısın müavini Tahir Musayev tədbiri giriş sözü ilə açaraq sözü gedən fərmanın rayonumuzda icrası ilə əlaqədar görülən işlərdən söz açıb. Qeyd edib ki, cari ildə dövlət və bələdiyyə mülkiyyətində, xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması nəzərdə tutulub.
     Kadastr və Ünvan Reyestri Xidmətinin rəisi professor Ramiz Quliyev məruzə ilə çıxış edərək torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi işlərinin gedişindən danışıb. Bildirib ki, bu işlərə 29 rayonda start verilmiş və 12 rayonda işlər tamamlanmışdır. 14 rayonda isə tamamlanmaq üzrədir. Qeyd edib ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması ölkədə torpaq ehtiyatlarının düzgün idarə olunmasına, torpaq balansının tərtib edilməsinə və torpaqlardan daha səmərəli istifadə olunmasına şərait yaradacaqdır.
     Müzakirə şəraitində davam edən tədbirdə bir sıra məsələlərlə bağlı suallar cavablandırılıb.

Keçidlər