Şriftin ölçüsü :

Saytın rəngi :

Ağköynək və Qarapapaq kəndlərində əhalinin içməli su problemi həll olunmuşdur

24 avqust 2017 | 16:00

Babalarımızdan qalmış su çəkib, yol salmaq kimi xeyirxah ənənələr bu gün də yaşayır. Elinin, camaatının qədrini bilən insanlar həmişə susuz yerlərə su, yolsuz sahələrə yol çəkərək el-obanın hörmətini qazanıblar. Bu gün Qazax rayonunda olduğu kimi.
     Son 1 ildən bir qədər çox vaxt ərzində rayonun neçə-neçə kəndlərinə, yaşayış sahələrinə su çəkilib, illərdən bəri yığılıb qalmış problemlər öz müsbət həllini tapıb. Qazaxbəyli, Ürkməzli, Alpoud, Xanlıqlar, Orta Salahlı, Kəmərli və Bala Cəfərli kəndlərinin sakinləri bununla əlaqədar bu gün də rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovu öz dərin minnətdarlıqlarını bildirirlər.
     Bəli, fəaliyyətə başladığı ilk gündən bu xeyirxah əməlləri özünün gündəlik işinə çevirən Rəcəb Babaşov digər sahələrlə yanaşı bu sahədə də yadda qalan xeyli işlər görmüşdür.
     Cəmi bir neçə gün bundan əvvəl vətəndaşların rayon rəhbərliyinə müraciətindən dərhal sonra əməli işə başlanılmış və həmin yaşayış sahələrinə su çəkilmişdir. Bu əlamətdar gün Ağköynək və Qarapapaq kənd camaatının yaddaşında hələ uzun illər yaşayacaqdır. Məhz bu gün hər iki kəndin yaşayış massivlərinin bir hissəsinə 500 və 310 metr məsafədən içməli su çəkilmişdir. Bununla da 34 ailənin su problemi həll olunmuşdur.
     Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov bu münasibətlə Ağköynək və Qarapapaq kəndlərində olaraq sakinlərlə görüşmüş, rayonda olan problemlərin tamamilə aradan qaldırılacağını bildirmişdir.
     Ağköynək kənd sakinlərindən Yeganə Qasımova, Naidə Nəbiyeva, Cəmilə Əliyeva, Qarapapaq kənd sakinlərindən isə Tamam Quliyeva, Ülviyyə Piriyeva və başqaları söz alaraq su çəkilişi ilə əlaqədar rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

Keçidlər