Şriftin ölçüsü :

Saytın rəngi :

Məcburi köçkün qəsəbəsinin sakinləri ilə görüş keçirilmişdir

30 avqust 2017 | 16:00

Bu gün Qazax rayon İcra Hakimiyyətinin Başçısı cənab Rəcəb Babaşov Qazaxbəyli kəndində məcburi köçkünlər üçün salınmış qəsəbədə olub, burada məskunlaşmış məcburi köçkünlərlə görüşüb. Görüşə toplaşanlar icra başçısını böyük səmimiyyətlə, ən yaxın və ən doğma insan kimi qarşılayıblar.
Görüşdə RİHB Aparatının məsul işçiləri, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri, KİV nümayəndələri iştirak edib.
R.Babaşov çıxış edərək bildirib ki, xalqın arasında olmaq, əhalini narahat edən problemləri onların dilindən eşitmək mənim iş fəaliyyətimin əsas prinsiplərindən biridir. Məqsədim problemləri yerində öyrənmək, onların həlli istiqamətində konkret işlər görməkdir.
Bu gün hamınıza məlumdur ki, “Göy bina” deyilən yaşayış massivində və məcburi köçkünlərin yerləşdiyi digər yerlərdə olan problemlər artıq öz həllini tapmışdır.
Bildiyiniz kimi rayonumuzda tikinti-quruculuq işləri sürətlə davam edir. Yeni iş yerləri yaradılır. Kənd təsərrüfatının bütün sahələrində yüksək məhsuldarlıq əldə olunub. Bir sözlə, rayonumuzda bütün sahələrin inkişaf etməsi üçün sağlam mühit yaradılıb və bu istiqamətdə geniş imkanlar açılıb.
Qəsəbədə məskunlaşmış məcburi köçkünlərdən Bağanıs Ayrım kənd  ibtidai məktəbin direktoru Əsgər Hüseynov, Barxudarlı kənd sakini Hüseyn Yunisov, Yuxarı Əskipara kənd sakinləri Nüsrəddin Hacıyev, Mehriban Qasımova, Hacıkərim Hüseynov, Gülər Əhmədova, Fazilə Mahmudova, Aşağı Əskipara kənd sakini Furont Əsgərov, Bağanıs Ayrım kənd sakinləri Şəmil Adıgözəlov, Novruz Əliyev, Türkan Adıgözəlova və başqaları söz alaraq məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan danışmışlar və Ölkə Başçısı İlham Əliyevə, rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşova bütün qəsəbə sakinləri adından öz dərin minnətdarlıqlarını bildiriblər.
Qeyd ediblər ki, bu gün rayonda sağlam mühit, əmək intizamı, şəffaflıq yaranıb. Hamı öz sözünü deyə bilir. Bu da ondan irəli gəlir ki, siz icra başçısı kimi həmişə xalqın arasında olursunuz. Sizin bizim qəsəbəyə gəlişinizin artıq sayı-hesabı bilinmir. Çıxış edənlər öz arzu və istəklərini də bildiriblər.
R.Babaşov sakinləri diqqətlə dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində lazımi tapşırıq və tövsiyələrini verib.
Görüşün sonunda icra başçısı qəsəbə sakinlərini qarşıdan gələn Qurban bayramı münasibətilə səmimi qəlbdən təbrik edərək onlara ən xoş arzularını bildirib.

Keçidlər