Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Qəhrəman Aqil Musayevin doğum günü qeyd olunub

03 noyabr 2017 | 16:00

Milli Qəhrəman Aqil Musayevin doğum günü qeyd olunub. Şəhidlər Xiyabanında keçirilən tədbirdə rayon İcra Hakimiyyəti Başçısı aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, Milli Qəhrəmanın doğulduğu Aşağı Əskipara kənd sakinləri, RİHB-nın İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Ehtiyatda olan zabitlər” Konfederasiyasının rayon şöbəsinin əməkdaşları, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin üzvləri, KİV nümayəndələri iştirak edib.
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirdə iştirak etmək üçün Şəhidlər Xiyabanına gəlib.
Aqil Musayevin ruhuna dua oxunduqdan sonra Xiyabandakı şəkli əks olunmuş lövhə önünə gül dəstələri qoyulub, əziz xatirəsi yad edilib.
Giriş sözü ilə çıxış edən Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov Aqil Musayevin keçdiyi döyüş yolundan danışaraq Ölkə Başçısı İlham Əliyev cənabları tərəfindən şəhidlərə, onların ailələrinə göstərilən diqqət və qayğıdan söz açıb. Qeyd edib ki, Vətənin bütövlüyü uğrunda öz canından keçən oğul və qızlarımız hər cür hörmət və diqqətə layiqdirlər. Şəhidlərimizi yad etmək, onların xatirəsini əziz tutmaq hər bir vətəndaşın ən ümdə vəzifəsidir.
Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək bildirib ki, Azərbaycanın Milli Qəhrəmanı Musayev Aqil Hüseyn oğlu 1974-cü il noyabrın 3-də Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olub. 1993-cü il mayın 18-də  Milli Ordu sıralarına çağırılan A.Musayev Ağdam, Füzuli və Tərtər bölgələrində erməni işğalçılarına qarşı aparılan əməliyyatlarda fəal iştirak edib. O, 1994-cü il oktyabrın 5-də Gəncə hadisələri zamanı qiyamçı dəstənin zərərsizləşdirilməsində iştirak edərkən qəhrəmancasına həlak olub. Respublika Prezidentinin fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb.
Qarabağ Müharibəsi əlillərindən Vaqif Məmmədov, Namiq Alıyev, Qarabağ Müharibəsi veteranı, şəhid qardaşı Nəsib Nəsibov, milli qəhrəmanın xalası Arifə Musayeva öz çıxışlarında Aqil Musayev haqqında xatirələrini söyləyib, qəhrəmanlığından danışıblar. Rayon rəhbərliyi tərəfindən Şəhidlər Xiyabanlarında aparılan bərpa və abadlıq işlərindən söz açaraq şəhid ailələri, müharibə veteranları adından minnətdarlıq ediblər.
Sonra Aşağı Əskipara kənd tam orta məktəbin şagirdləri Vətənə və şəhidlərimizə həsr olunmuş şeirlər söyləyiblər.
Sonda Milli Qəhrəmanın atası Hüseyn Musayev çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə Ölkə Başçısı İlham Əliyev cənablarına şəhid ailələri adından, öz adından dərin minnətdarlığını bildirib.

 

 

Keçidlər