Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi Tanıyaq” tur-aksiyası ilə bağlı maarifləndirici tədbir keçirilmişdir

10 noyabr 2017 | 16:00

Qazaxdakı Gənclər Mərkəzində “Ölkəmizi Tanıyaq” tur-aksiyası ilə bağlı maarifləndirici tədbir keçirilmişdir.  Tədbirdə Qazax RİHB aparatının məsul işçiləri, hüquq-mühafizə orqanları, idarə və təşkilat rəhbərləri, icra nümayəndələri və bələdiyyə sədrləri, məktəb direktorları, təhsil şöbəsinin işçiləri, tur-aksiyada iştirak edən məktəblilər, valideynlər, səhiyyə işçiləri, müəllimlər, gənclər, veteranlar, QHT və KİV nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə Qazax rayonu İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov açaraq geniş məruzə ilə çıxış etmişdir. Bildirmişdir ki,  artıq dörd ildir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə 2014-cü il avqustun 1-dən şəhər və rayon icra hakimiyyətləri tərəfindən 9-11-ci sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyaların keçirilməsinə başlanılıb. Layihənin əsas məqsədi gəncləri Azərbaycanın müxtəlif bölgələrinin tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri ilə yaxından tanış etmək, Heydər Əliyevin rəhbərliyi ilə müstəqillik illərində əldə olunan nailiyyətlərin dərindən öyrənilməsinə nail olmaq, eyni zamanda, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə ölkəmizin hazırkı dinamik sosial-iqtisadi inkişafını, gündən-günə abadlaşan şəhər və rayonlarımızın müasir simasını göstərməkdir.
Aksiya çərçivəsində ölkə gəncləri  ölkəmizin qədim tarixi, mədəniyyət abidələri ilə tanış olurlar, bölgələrimizin müasir simasını əks etdirən Heydər Əliyev mərkəzlərinə, Bayraq meydanları və muzeylərinə, gənclər mərkəzlərinə, rəsm qalereyalarına, Tarix-Diyarşünaslıq muzeylərinə, istehsal və emal sənayelərinə baxış keçirirlər, park və xiyabanları gəzərək, qoruq və göllərə ekskursiya edirlər.  Bu gəzintilər ölkəmizin tarixini dərindən öyrənməklə yanaşı, gənclərimizə Heydər Əliyevin siyasi irsi, Ulu Öndərin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində əldə olunmuş misilsiz nailiyyətlərlə, prezident İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişaf və böyük quruculuq işləri ilə hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı yaradır.   
Dörd il ərzində ölkədə  ildə iki dəfə olmaqla 7 istiqamət üzrə (Bakı şəhəri, Naxçıvan MR, Gəncə-Şəmkir-Göygöl, Şamaxı-İsmayıllı-Qəbələ-Şəki-Zaqatala, Quba-Qusar-Xaçmaz, Lənkəran-Masallı-Lerik-Astara, Naftalan-Ağcabədi-Ağdam-Bərdə-Füzuli-Tərtər) 7 tur-aksiya təşkil edilmişdir. Ölkəmizin bütün bölgələrinin əhatə olunduğu bu tur-aksiyalarda, ümumilikdə, 13 min 648 məktəbli iştirak etmişdir.
  Bu il noyabrın 11-14 və 16-19 tarixlərini əhatə edəcək növbəti 8-ci tur-aksiyada isə 4 istiqamət üzrə 76 şəhər və rayondan, o cümlədən məcburi köçkün rayonlarından, ümumilikdə, 3213 nəfər iştirak edəcək. Bununla da, “Ölkəmizi tanıyaq” tur-aksiyalarında iştirak edən məktəblilərin sayı 17 minə yaxın olacaqdır.
  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün  təşkil olunmuş  “Ölkəmizi tanıyaq” layihəsi hər il Qazax rayonunda da təntənəli şəkildə keçirilmişdir. 
2014-cü ilin sentyabr ayında  səfər proqramına uyğun olaraq tur-aksiyada iştirak edən Qazax rayonunun 38 nəfər məktəblilərindən ibarət heyət Respublikanın Qərb rayonları istiqamətində tur-aksiyada iştirak etmişlər. Səfər çərçivəsində məktəblilər  Qəbələ-İsmayıllı rayonları və Şəki şəhərinin tarixi və turist məkanlarına baxış  keçirmişlər. İsmayıllı rayonunun Lahıc kəndi, Qəbələ Qış turizm obyekti (Tufandağ) Fazil nekropolu və digər görməli yerlər ziyarət olunmuşdur.
  2015-ci ilin mart ayının 15-dən Qazax rayon məktəblilərindən on birinci sinifdə oxuyan təhsildə xüsusi fərqlənən 5 nəfər məktəbli və 1 nəfər təhsil işçisi Tur aksiya zamanı Naxçıvanda olmuşlar.3 gün ərzində məktəblilər Naxçıvanın Əcəmi Seyrangahı, Möminə Xatun türbəsi, Heydər Əliyev Mərkəzi, Hüseyn Cavidin məqbərəsi, Qarabağlar türbəsi, Məmməd Səid Ordubadinin ev muzeyi, Şahbuz qoruğu və digər yerlərdə olmuşlar.
2015-ci ilin noyabrın 16-da keçirilən aksiya çərçivəsində Qazax rayonundan 35 şagird, 4 müəllim və 1 həkim Lənkəran-Lerik –Astara  rayonlarına yola düşmüşdülər. Səfər zamanı məktəblilər Lerik rayonunda Heydər Əliyev mərkəzi ilə tanış olmuş,  Tarix-diyarşünaslıq və Uzunömürlülər muzeylərinə  baxış keçirmişlər. Lerik rayonundan Astara rayonuna yola düşmüş məktəblilər Astara çay emalı fabrikində, şəhər bulvarında və Yanar Bulaq kompleksində olmuşlar. Astara rayonundan sonra məktəblilər Lənkəran şəhərində yerləşən konserv zavodunda, Heydər Əliyev mərkəzində və Sovet ittifaqı qəhrəmanı Həzi Aslanovun ev muzeyini ziyarət etmişlər.
  Növbəti, 2016-cı ilin 12-15 noyabr tarixində rayon üzrə 40 nəfər məktəbli və 4 nəfər təhsil işçisi və 1 nəfər həkim olmaqla cəmi 45 nəfər nümayəndə  Lənkəran-Astara-Masallı bölgəsinə səfər etmişlər.  Səfər zamanı şagirdlər Masallı şəhərində Asan Xidmət Kompleksi ilə tanış olmuşlar. 14 noyabr 2016-cı il tur aksiyada iştirak edən məktəblillər arasında Nə? Harada? Ne vaxt? Oyunu keçirilmişdir. Oyunda Qazax rayon komandası 11 rayon 66 komanda arasında 3-cü yeri tutaraq kubok və Fəxri Fərmanla təltif olunmuşdur.
  Cari ilin mart ayında Qazax rayonu üzrə 40 nəfər məktəbli  4 nəfər təhsil işçisi və 1 nəfər həkim olmaqla 45 nəfər nümayəndə Qəbələ-Şəki–Zaqatala istiqamətində səfərə çıxmışlar. Bu istiqamət üzrə səfər etmiş şagirdlər müasir turizm infrastrukturuna malik olan Qəbələdə Tufandağ Xizəkçilik kompleksində, Çuxur Qəbələ Tarix və Mədəniyyət Qoruğunda, udilərin yaşadığı Nic kəndində, Zaqatala  Şəki Xan Sarayında Yuxarı və Aşağı Karvansarayda Kiş kəndindəki qədim Alban məbədində, Zaqatala barama, tütün, fındıq emalı müəssisələrində, Dədə Qorqud Meydanında olmuşlar. 
Tur-aksiya çərçivəsində Azərbaycan İntellektual Klublar Assosasiyasının təşkilatçılığı ilə  məktəblilər üçün layihənin bir hissəsi olan Nə? Harada? Nə zaman? başlığı altında intellektual oyun təşkil olunmuşdur. Mübarizə şəraitində keçən oyunda 40-dan çox komanda iştirak etmişdir. İntellektual oyunun nəticələrinə görə Qazax rayonunun məktəblilərindən ibarət komanda 1-ci yerə layiq görülmüş və qələbə Kubokunu rayona gətirmişlər. Səfərdən qayıdan məktəblilər rayon icra hakimiyyətinin başçısı ilə görüşmüş,  onlar qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.   Tur-aksiya iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı  İlham Əliyev cənablarına minnətdarlıqlarını bildirmişlər.
Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmişdir. Onun  titanik əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur.
  Ulu öndərin vaxtilə söylədiyi "Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm" kəlamı bu gün də xalqımız tərəfindən qürurla xatırlanır.
  Azərbaycanın hərtərəfli inkişafı, gələcək tərəqqisi üçün möhkəm əsasların yaradılması zəngin təcrübəyə malik Heydər Əliyevin sosial-iqtisadi strategiyasının həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Bu gün Azərbaycanda sosial-iqtisadi, ictimai-mədəni həyatın elə bir sahəsi yoxdur ki, həmin sahənin inkişafı ümummilli liderin adı ilə bağlı olmasın.Ulu öndər ölkəmizin gələcək inkişaf kursunu böyük uzaqgörənliklə ifadə etmişdir: "Bir Prezident kimi mən Azərbaycanın iqtisadiyyatında dövlət siyasətini artıq müəyyən etmişəm. Bu, islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdirilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara sərbəstlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılmasıdır. Bu, dövlət siyasətimizin əsas prinsipləridir”.
Dahi şəxsiyyət, bütün həyatını xalqına və Azərbaycanın müstəqil dövlət quruculuğuna həsr etmiş Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqımızın itirilmiş inamını özünə qaytarmaqla, ölkənin yeni inkişaf dövrünün əsasını qoydu. Xalqın iradəsi və təkidli tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdan ulu öndər Azərbaycanı xaos və böhrandan çıxardı, vətəndaş müharibəsinin qarşısını aldı, atəşkəsə nail oldu.
Bu gün tam əminliklə demək olar ki, əgər o vaxt ölkədə baş verən hadisələrə ulu öndərin şəxsi müdaxiləsi olmasaydı, Azərbaycan adlı bir dövlət dünya xəritəsində olmazdı. Ümummilli liderin rəhbərliyi ilə qısa müddət ərzində ölkədə bazar iqtisadiyyatının formalaşması məqsədilə qanunvericilik bazası yaradıldı, məqsədli dövlət proqramları qəbul edildi, institusional islahatlar aparıldı, mülkiyyət münasibətlərində köklü dəyişikliklər edilməsi üçün müvafiq addımlar atıldı. Heydər Əliyevin rəhbərliyi dövründə iqtisadi sahələrin tənzimlənməsi ilə bağlı 70-dən artıq qanun qəbul edilmiş, 100-dən çox fərman və sərəncam imzalanmış, 30-a yaxın dövlət proqramı təsdiq edilmişdir.
             Azərbaycanın o zamankı məhdud imkanlarını nəzərə alan Heydər Əliyev iqtisadiyyatda ciddi dönüşə nail olmaq üçün respublikanın malik olduğu zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadəni vacib hesab edirdi. Böyük siyasət korifeyinin ölkə iqtisadiyyatının hərtərəfli inkişafı üçün neft amilindən məharətlə istifadə etməsi, 1994-cü ilin 20 sentyabrında böyük təzyiqlərə baxmayaraq "Əsrin müqaviləsi"nin imzalanmasına nail olması yüksək siyasi iradənin və qətiyyətin təntənəsi idi. Bu saziş həmçinin, Azərbaycanın qapılarını bütün dünyanın üzünə açdı, bu sahədə yeni müqavilələrin imzalanmasını və ölkəyə investisiya qoyuluşunu təşviq etdi. Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsi, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşasına dair sazişin imzalanması ilə ixrac marşrutlarının diversifikasiyasına nail olundu.
Ulu öndərin memarı olduğu və uğurla həyata keçirdiyi torpaq islahatı kənd təsərrüfatını 1990-cı illərin əvvəllərindəki böhranlı vəziyyətdən xilas etdi və gələcək inkişafının əsasını qoydu.
Heydər Əliyev ölkənin gələcək iqtisadi inkişafının məhz özəl sektorla bağlı olduğunu vurğulayırdı: "Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur".
  Heydər Əliyev Azərbaycanın davamlı inkişafı baxımından regionların inkişafını və bölgələrdəki potensialdan səmərəli istifadəni vacib hesab edirdi. Bu baxımdan, 1995-2003-cü illəri regionların sürətli sosial-iqtisadi inkişafına hazırlıq mərhələsi kimi dəyərləndirmək yerinə düşərdi. Həmçinin ulu öndər Heydər Əliyev Qazax rayonuna da böyük diqqət yetirmiş və onun 1971, 1979, 1998-ci il səfərlərindən sonra rayonun sosial-iqtisadi, kənt təsərrüfatı, elm, səhiyyə, mədəniyyət, təhsil, tikinti-abadlıq və çoxmənzilli yaşayış binalarının tikintisi sahəsində böyük nailiyətlər qazanılmış və uğurlar əldə olunmuşdur. Ağstafaçay su dəryaçası, Rayon Mədəniyyət Mərkəzi, Telekommunikasiya Qovşağı, Statistika İdarəsinin binası və 20–dən çox orta məktəb binaları , onlarla şərab zavodları məhz Ulu öndərin Azərbaycana birinci dəfə siyasi hakimiyyətə gəlişindən  sonra tikilib istifadəyə verilmişdir.Təsadufi deyil ki, Ulu öndər həmin illərdə demişdir: “Azərbaycanın iqtisadiyyatında, marifində və mədəniyyətində Qazax rayonunun xususi yeri vardır”.
   Heydər Əliyevin balanslaşdırılmış xarici siyasəti sayəsində Azərbaycan dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirmiş, ölkəmiz Cənubi Qafqazın lokomotiv dövlətinə çevrilmişdir. Heydər Əliyevin təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının qurumları, Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, eləcə də Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı və s. kimi beynəlxalq institutlarla səmərəli əməkdaşlıq yaradılmışdır.
Ölkəmizin son 20 ildə iqtisadi və demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qazandığı böyük nailiyyətlər də məhz ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılmış möhkəm təmələ əsaslanır.
  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi: "Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri var”.
Bu gün Heydər Əliyev bizimlə deyil, Ulu öndər Heydər Əliyev məktəbinin layiqli davamçısı, onun strateji siyasətini və ideyalarını müvəffəqiyyətlə həyata keçirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elmə əsaslanan iqtisadi siyasəti respublikanın sosial-iqtisadi inkişafı prosesində dinamizmi və məqsədyönlülüyü təmin etmiş, qarşıda duran vəzifələrin həllinə real imkanlar açmış, cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunmasına etibarlı zəmin formalaşdırmışdır.
Davamlı və dinamik inkişaf məntiqinə əsaslanan bu siyasətin həyata keçirilməsi nəticəsində qazanılmış uğurlar daha da möhkəmləndirilmiş, bu dövrdə makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sahələrinin, regionların inkişafı sürətlənmiş, strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi təmin olunmuşdur.
İqtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin sistemli və ardıcıl reallaşdırılması üçün dövlət başçısının müvafiq fərman və sərəncamları ilə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı 2004-2013 illər ərzində 3 beşillik proqramlar həyata kecmişdi. Hazırda 2014-2018-ci illər ücün regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla icra olunur.
Dövlətimizin başçısının  reallaşdırdığı uzaqgörən və müdrik siyasət Azərbaycanın iqtisadi tərəqqisinə, dünyada köklü mövqeyinin möhkəmlənməsinə, inkişaf etmiş güclü dövlətlər sırasında yer almasına xidmət edir. Azərbaycan 2011-ci ilin sonlarında 155 ölkənin etimadını qazanaraq BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi ölkəmizin beynəlxalq aləmdə getdikcə artan nüfuzunun və sürətli iqtisadi inkişafının daha bir göstəricisidir.
Prezident İlham Əliyevin bəyan etdiyi kimi, hazırda qarşıda duran ən başlıca məqsəd Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmaqdır. Bu baxımdan ölkənin inkişafının hazırkı mərhələsində qarşıya qoyulmuş əsas hədəflər çoxşaxəli, innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, əhalinin rifahının davamlı olaraq yaxşılaşdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır. Dövlət başçısının 29 dekabr 2012-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası qarşıya qoyulmuş mühüm vəzifələrin yerinə yetirilməsində mühüm rol oynayacaqdır. Bu İnkişaf Konsepsiyası sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində Azərbaycanın gələcək inkişaf perspektivlərini dərin elmi əsaslarla müəyyənləşdirən konseptual əhəmiyyətli sənəddir.
Bu il neft-qaz sektorunda çox əlamətdar hadisələr baş verib. Məlum olduğu kimi, “Azəri”, “Çıraq”, “Günəşli” neft yataqlarının işlənməsi ilə bağlı neft müqaviləsinin imzalanması həyata keçirilib. Bu müqavilə “Azəri”, “Çıraq”, “Günəşli” neft yataqlarının uzun müddət işlədilməsini nəzərdə tutur. Burada əsas şərtlərdən biri SOCAR neft şirkətinin pay faizinin artması ilə bağlıdır. Əgər SOCAR-ın 1994-cü ildə imzalanan müqavilədə payı 11,6% olubsa, hazırda bu rəqəm 25% təşkil edəcək. Bundan əlavə, SOCAR-a 3,6 milyard dollar bonus veriləcək. Yəni müqavilə imzalandıqdan sonra həmin şirkətlər dövlətə 3,6 milyard dollar ödəyəcəklər. Digər tərəfdən bu layihə ilə əlaqədar Azərbaycana 40 milyard dollara yaxın investisiya qoyulacaq. Bu da “Əsrin müqaviləsi”nin yenilənməsinin Azərbaycan üçün nə qədər önəmli olduğunu göstərir.
“Əsrin müqaviləsi”nin yenilənməsi həm iqtisadi, həm də siyasi cəhətdən çox vacibdir.Hər iki halda Azərbaycan layihədən kifayət qədər gəlir əldə edəcək və bu gəlir Azərbaycanın qeyri-neft sektorunun inkişafı üçün istifadə ediləcək”. Bu gün yenilənmiş müqavilənin 1994-cü ildə imzalanmış müqavilədən əsas üstünlüyü SOCAR-ın payının xeyli yüksək olmasıdır.  Azərbaycanın təşəbbüsü ilə  reallaşan neft-qaz layihələrinin davam etdirilməsi ölkəmizin sadiq qaldığı, dəsətəklədiyi  şaxələndirmə siyasətinin məntiqi nəticəsidir. Bu siyasətin nəticəsidir ki, son on iki ildə Azərbaycanda böyük enerji potensialı yaradılmışdır. Ölkə iqtisadiyyatının və əhalinin ehtiyacından da artıq enerji istehsal edəcək  stansiyaların işə salınması nəticəsində Azərbaycan hazırda enerji ixrac edən ölkələr sırasındadır.  Möhtərəm Prezidentimiz İlham Əliyevin  vurğuladığı kimi  BTC, BTƏ neft-qaz kəmərlərinin davamı kimi  maraq doğuran daha möhtəşəm layihələr də hələ son deyildir.
Dünya  dövlətlərinin maraq göstərdiyi “Cənub” qaz dəhlizi,  TANAP, TAP layihələrinə  tərəfdaşların da sayı artmaqdadır.  Bakıda “Cənub” qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşündə  Azərbaycan haqqında səslənən  xoş məramlı sözlər ölkəmizə verilən dəyər olmaqla  Ulu öndər Heydər Əliyevin  müəyyənləşdirdiyi neft strategiyasını  davam etdirən Prezident İlham Əliyevin qətiyyət və siyasi iradəsinin təsdiqi  kimi hər bir ölkə vətəndaşını qürurlandırdı. “Cənub” qaz dəhlizinin Avropa ölkələri üçün əhəmiyyətini qeyd edənlər Azərbaycanın dünya neft bazarındakı rolunu da yüksək dəyərləndirdilər.
Bundan başqa  30 oktyabr 2017-ci il tarixində yenicə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu da  ölkəmiz üçün tarixi və strateji əhəmiyyətli layihədir. Avrasiya məkanı üçün yeni yüksəliş layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti qədim İpək Yolunun polad magistrallar üzərində bərpasıdır.
  Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə dair Saziş 2007-ci ildə Tbilisidə imzalanıb. Elə həmin ilin noyabrında Gürcüstanın Marabda məntəqəsində dəmir yolu xəttinin təməli qoyulub. 2008-ci ilin iyulunda isə Qars şəhərində Qars-Gürcüstan sərhədi hissəsinin tikintisinin təməlqoyma mərasimi keçirilib. Ümumi uzunluğu 846 kilometr olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir.
Bakı-Tbilisi-Qars dəmir yolu Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan, həmçinin Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdıracaq. Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna cəlb edilməsi hər iki istiqamətdə multimodal daşımaların həcmini artıracaq. Belə ki, üçüncü istismar ilində 3-5 milyon ton, beşinci istismar ilində 6-8 milyon ton yük, bundan sonra isə ildə 3 milyon sərnişin və 17 milyon ton yük daşınacağı nəzərdə tutulur. Bu, onu göstərir ki, Azərbaycan ilə yanaşı, Gürcüstan və Türkiyə də tranzit daşımalarından yüksək gəlir əldə edəcək. Bütün bunlar Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətini, onun təhlükəsizliyini, etibarlılığını, sürət və vaxt tezliyini aydın göstərir. Bu yol istifadəyə veriləndən sonra mövcud yükdaşımalarla müqayisədə zaman fərqinin iki dəfəyədək azalması müşahidə olunacaq ki, bu da layihənin iqtisadi səmərəsini daha da artırır.
  Bakı-Tbilisi-Qars dəmir yolunun digər önəmli cəhəti isə Azərbaycanın bu layihənin verdiyi imkanlardan istifadə edərək Türkiyə ilə Gürcüstan ərazisindən birbaşa dəmir yolu əlaqəsi qurmasıdır. Bu dəmir yolu regionda turizmin inkişafına da güclü təsir göstərəcək. Beləliklə, öz əhəmiyyətinə görə qlobal səciyyə daşıyan Bakı-Tbilisi-Qars dəmir yolu iki qitəni polad relslərlə birləşdirərək böyük sosial-iqtisadi səmərəyə zəmin yaradır. Ən əsası isə bu dəmir yolunun işə düşməsi regionda sabitliyə, xalqlarımızın daha da yaxınlaşmasına və iqtisadi inkişafa ən böyük töhfədir. Bu töhfənin təməlində Azərbaycan, Gürcüstan və Türkiyənin sarsılmaz dostluğu və qardaşlığı dayanır.
“Şimal-Cənub nəqliyyat dəhlizi”nin işə salınması ilə Azərbaycanın tranzit ölkə kimi statusu daha da möhkəmlənəcək. Keçən il bu layihə çərçivəsində həyata keçirilən tədbirlər xüsusilə yaddaqalandır. “Şimal-Cənub dəhlizi”nin yaradılması istiqamətində çox ciddi addımlar atılmışdır.  Azərbaycan “Şimal-Cənub dəhlizi” ilə bağlı öz üzərinə düşən vəzifəni cəmi 8 ay ərzində yerinə yetirmişdir.
  Xatırladaq ki, “Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi haqqında” saziş Rusiya, İran və Hindistan arasında 2000-ci il sentyabrın 12-də Sankt-Peterburq şəhərində imzalanıb və 2002-ci il mayın 21-də qüvvəyə minib. Sonralar bu sazişə Belarus, Bolqarıstan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Ukrayna və bir sıra digər ölkələr də qoşulub və beləliklə, layihə tərəfdaşlarının sayı xeyli artıb. 2005-ci il sentyabrın 20-də qüvvəyə minmiş qanunla bu sazişə Azərbaycan da qoşulub.
Keçən il Astaraçay üzərində Azərbaycanla İranın dəmir yollarını birləşdirməyə imkan verən dəmir yolu körpüsünün, Astara stansiyasından sərhədədək dəmir yolunun tikintisinin təməlinin qoyulması və inşaat işlərinin qısa zaman ərzində başa çatdırılması həqiqətən önəmli hadisələr idi. Bu körpünün və dəmir yolu xəttinin çəkilməsi “Şimal-Cənub nəqliyyat dəhlizi”  layihəsinin reallaşması tarixində uğurlu addım sayılır. Bu, Azərbaycanın “Asiya-Avropa körpüsü”nə çevrilməsi istiqamətində mühüm irəliləyişdir.
  “Şimal-Cənub nəqliyyat dəhlizi”, ümumiyyətlə, regionun təhlükəsizliyinin və iqtisadi maraqlarının təmin olunması baxımından böyük əhəmiyyət daşıyır.Bu, həm bizə, həm qonşu ölkələrə, bütün dünyaya lazımdır. Bu layihənin icrası nəticəsində Hindistandan, Pakistandan gələn yüklər Azərbaycan ərazisindən İrana, Rusiyaya, Şimali Avropaya və əks istiqamətə gedəcəkdir. Bu, böyük nəqliyyat hərəkatına gətirib çıxaracaq. Milyonlarla ton yük ərazimizdən keçəcək və minlərlə iş yeri yaradılacaq.  Naxçıvan İran ərazisindən dəmir yolu vasitəsilə Azərbaycanla birləşəcək. Dəhlizin aktuallığı keçən ilin avqust ayında Azərbaycan, İran və Rusiya dövlət başçılarının Bakıda keçirilən üçtərəfli Zirvə görüşündə də dönə-dönə vurğulanmışdır. Nəqliyyat sektorunda əməkdaşlığın həqiqətən də böyük perspektivləri var. Azərbaycan dünyada yeganə ölkədir ki, həm İran, həm  də Rusiya ilə sərhədləri mövcuddur. Hazırda Rusiya ilə Azərbaycan arasında dəmir yolu əlaqəsi var. İndi isə İran sərhədinədək uzanan dəmir yolu, eləcə də təzə tikilmiş körpü dəyərli infrastruktur layihələri kimi “Şimal-Cənub nəqliyyat dəhlizi”nin ayrılmaz tərkib hissələrini təşkil edir.
        “Şimal-Cənub nəqliyyat dəhlizi” strateji əhəmiyyət daşıyan transmilli bir layihədir. Gələcəkdə bu dəhlizdən həm Azərbaycan, həm də bir çox digər ölkələr istifadə edəcəklər. Dəhlizin çox böyük iqtisadi səmərəsi də olacaq. Digər tərəfdən, bu yol tranzit yüklərin daşınması üçün vaxt baxımından da çox əlverişlidir.
  Bu cür müttəfiq müqavilələr dövlətimizin müstəqil dövlət kimi yaşaması üçün çox vacibdir. Çünki bir sıra böyük dövlətlərin iri şirkətləri bu layihədə iştirak edəcək. Bu da Azərbaycanın müstəqil dövlət kimi daha da möhkəmlənib inkişaf etməsinə zəmin yaradacaq.
Bu gün dünya iqtisadiyyatında  neft sahəsindən başqa aqrar sahəyə diqqət getdikcə artır. Xüsusən də müxtəlif xarakterli kataklizmlər artdıqca sosial problemlərin çoxalmasına insanın sağlamlığı və normal qidalanması üçün təbii məhsullarla ehtiyacın ödənməsinə tələbat sürətlə yüksəlir. Azərbaycanda iqtisadi sahədəki siyasətdə bu istiqamət demək olar ki, prioritetdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə verilən tapşırıqlar, qarşıya qoyduğu vəzifələr ölkəmizin hər yerində olduğu kimi Qazax rayonunda da ardıcıl həyata keçirilir. Bu məqsədlə rayonda təsərrüfatlar yaradılır, əkin sahələri genişləndirilir, yeni kənd təsərrüfatı bitkiləri əkilir. Rayonumuzda 2015-ci illə müqayisədə 2016-cı ildə əkin sahələri 47 faiz artaraq 16518 hektar olmuşdur. 2017-ci ildə də artım davam etmiş və 18670 hektara çatmışdır. Hazırdan  11351 hektar sahə şumlanmış və səpilməsi nəzərdə tutulan 12266 hektar payızlıq taxıldan 6875 hektarı səpilmişdir.Bu istiqamətdə işlər davam etdirilir.
Kənt təsərrüfatı ilə yanaşı Qazax rayonunda sənaye sahələri də inkişaf etməkdədir. Buna misal olaraq illik istehsal gücü 1ml ton və 506 nəfər işçisi olan “HGC GROUP” MMC-ni, Hər  birinin illik istehsal gücü 50 min ton olan "Mətanət A" şirkəti tərəfindən Daş Salahlı kəndində və "Carçıoğlu" şirkəti tərəfindən Xanlıqlar kəndində tikintisi davam edən  Əhəng zavodlarını, Həmçinin Azərxalça ASC tərəfindən Qazax şəhərində inşası davam etdirilən Xalça fabikini misal göstərmək olar.  Həmin zavodlarda 450-yə yaxın, Xalça fabrikində isə 160 nəfərin işlə təmin olunması  nəzərdə tutulmuşdur. Rayonumuzda genişmiqyaslı quruculuq işləri həyata keçirilir, yeni-yeni sosial obyektlər tikilir və istifadəyə verilir. Bunun nəticəsidir ki, rayonumuzun siması gündən-günə dəyişir.
Azərbaycan prezidentinin daxili siyasətində sosial siyasət, xüsusən də əhalinin sosial müdafiəsinin gücləndirilməsi, aztəminatlı ailələrin sosial problemlərinin həlli həmişə prioritet təşkil edib. 
Birinci vitse-prezident Mehriban Əliyeva da dövlətin bu siyasətinin, humanist missiyasının həyata vəsiqə almasında mühüm rol oynayaır. Azərbaycanın Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva özünəxas nəcib, humanist və insanpərvər xarakterlə cəmiyyətdə mənəvi aşınma yaradan mənfi meyillərə qarşı barışmaz mövqe tutur. Onun elm, təhsil, mədəniyyət və idman sahələrinin inkişafına yönəlmiş fəaliyyəti, ölkədəki quruculuq proseslərində yaxından iştirakı ciddi elmi əsaslara söykənir. Buna görə də Mehriban xanımın hərtərəfli fəaliyyəti cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. 
   Mehriban Əliyeva Birinci vitse-prezident təyin olunana qədər bütün ictimai-siyasi fəaliyyəti boyu humanitar, sosial sahələri daim diqqət mərkəzində saxlayıb. Mehriban xanım məhz bu sahələrdə həyata keçirdiyi layihələr, gördüyü işlər sayəsində xalqın etimadını, inamını, məhəbbətini qazanıb. Mehriban xanım Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili kimi həm deputat seçildiyi rayonda və ümumilikdə Azərbaycanda, həm də dünyanın müxtəlif ölkələrində çoxsaylı layihələrə, mühüm işlərə imza atıb. Buna misal kimi, valideyn himayəsindən məhrum olan uşaqlara dövlət qayğısının göstərilməsi, xəstələrin müalicəsi, əlilliyi olan şəxslərin reabilitasiyası, uşaqlar üçün müalicə və istirahət pansionatlarının, məktəblərin, uşaq bağçalarının, xəstəxana və poliklinikaların tikilməsini və sair yüzlərlə belə faktları sadalamaq olar. Respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da bütün sahələrlə yanaşı, azyaşlı körpələrin sağlam, hərtərəfli və düzgün böyüməsi, tərbiyə olunması üçün yeni uşaq bağçaları tikilir, əsaslı şəkildə yenidən qurulur, müasir inventar və avadanlıqlarla təmin olunur. Qazax şəhərində tikintisi başa çatdırılan 100 yerlik 1 saylı körpələr evi-uşaq bağçasının yeni binası, Daş Salahlı kəndində əsaslı şəkildə təmir olunan 2 və 3 saylı uşaq bağçaları, bu yaxınlarda əsaslı şəkildə təmir olunaraq istifadəyə verilən Kosalar kənd  2, 3 saylı və Xanlıqlar kənd körpələr evi uşaq bağçaları körpə balaların sağlam şəraitdə böyümələri üçün həyata keçirilən tədbirlərin ən əyani nümunəsidir.
           Mehriban xanımın təşəbbüsü ilə Azərbaycandan xaricdə də çoxsaylı humanitar aksiyalar həyata keçirilib. Bu humanist missiya bütün dünyaya bəllidir və gözəl nümunədir. Azərbaycanın Birinci vitse-prezidenti kimi Mehriban Əliyeva bundan sonra tamamilə yeni statusda, indiyə qədər olan fəaliyyətini dövlət siyasəti səviyyəsində həyata keçirəcək və, bu statusda daha böyük sosial, humanitar layihələrə imza atacaq.
Bildiyiniz kimi, gənclər hər bir ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında mühüm rola malik bir qüvvədir. Təsadüfi deyil ki, bu gün həyata keçirilən dövlət siyasətin önəmli tərkib hissəsini məhz gənclər siyasəti təşkil edir. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin başlıca məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etməkdir. Dövlət başçısı gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə 2005-2009-cu illəri əhatə edən “Azərbaycan gəncliyi” Dövlət Proqramını təsdiq edilərək həyata keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2007-ci ilin “Gənclər ili” elan edilməsi, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” haqqında Sərəncamın imzalanması Azərbaycanda gəncliyə diqqət və qayğının davamlı bir siyasət olduğunu bir daha təsdiqlədi.
          Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə, malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. Gənclərimiz iştirak etdikləri beynəlxalq olimpiadalarda və idman yarışlarında yeni-yeni qələbələrlə ölkəmizin şərəfini ucaldıblar.Təbii ki, dövlətin bu istiqamətdə gördüyü tədbirlər bundan sonra da davam etdiriləcək.
Bildiyimiz kimi, Azərbaycan müharibə şəraitində olan bir ölkədir. Atəşkəs elan edilməsinə baxmayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini dəfələrlə pozurlar. Erməni təcavüzkarlarının növbəti atəşkəs rejimini pozmaq cəhdi 2016-cı il aprel ayının 1-dən 2-nə keçən gecə baş verdi. Nəticədə 2 dinc sakin ölmüş, 10 nəfər yaralanmış, infrastruktur obyektləri zədələnmiş, evlər dağıdılmış, əhalinin şəxsi təsərrüfatına və əmlakına xeyli ziyan dəymişdir.Azərbaycan tərəfindən bu hücumun qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin qorunması məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində təxirə salınmaz cavab tədbirləri həyata keçirilmiş,Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, Seysulan məntəqəsi və Füzuli rayonu istiqamətində yerləşən “Lələtəpə” adlandırılan yüksəklik düşməndən azad edilmişdir. Bu döyüşlərdə  Qazax rayonunun üç igid oğlu  Mühid Orucov, Elvin Namazov və Orxan Əliyev qəhrəmancasına şəhid olmuşdur.Onların xatirəsini əbədiləşdirilməsi məqsədilə Qazax şəhərinin mərkəzində Bulaq kompleksi tikilib istifadəyə verilmişdir.
  Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olmuşdur. Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranmışdır. Bu məqsədlə ölkə başçısı cənab İlham Əliyev 24 yanvar 2017-ci il tarixində “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamışdır. Sərəncama əsasən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün  Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4,0 (dörd) milyon manat ayrılmışdır. Tarixə “Dördgünlük müharibə” adı ilə düşən aprel döyüşləri gənclərin hərbi vətənpərvərlik ruhunu daha da yüksəltdi. Aprel döyüşlərində qazanılan qələbə xalqımızın orduya olan inamını artırdı. Ermənilər Azərbaycan əsgərinin qarşısında diz çöküb məğlub oldular. Bu gün əli silah tutan hər kəs vətən uğrunda döyüşməyə hazırdır. Son döyüşlər bir daha göstərdi ki, ordumuzun potensialı böyükdür. Bu uğurlu döyüşlər Silahlı Qüvvələrimizin gələcəkdə qazanacağı qələbələrin yalnız başlanğıc nöqtəsidir.
Tarixi İpək Yolunun üzərində yerləşən, Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycan müxtəlif millətlərin, mədəniyyətlərin və dinlərin ardıcıllarının sülh, əmin-amanlıq və qarşılıqlı anlaşma şəraitində yaşadığı məkan olub. Ölkəmizdə heç zaman milli-dini zəmində qarşıdurmanın baş verməməsi, həmçinin qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və etnik-dini münasibətlərin hökm sürməsi xalqımızın özünəməxsus milli xüsusiyyətindən irəli gəlir. Bu nümunəvi xüsusiyyət Azərbaycanın müstəqillik illərində daha da möhkəmlənib və fərqli mədəniyyətlərin, dinlərin nümayəndələrinə hörmətlə yanaşmaq ənənəsi məhz Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti sayəsində dövlət siyasətimizin prioritet istiqamətlərindən birinə çevrilib. Elə bu səbəbdən də çoxmillətli, çoxkonfessiyalı məkan olan Azərbaycan mədəniyyətlərarası dialoqun bənzərsiz məkanına çevrilib və bu zəngin təcrübənin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini zəruriləşdirib. Ölkə başçısı cənab İlham Əliyevin 2016-cı ili Azərbaycan Respublikasında Multikulturalizm ili elan etməsi də məhz bu zərurətdən irəli gəlir.
“Multikulturalizm ili ilə əlaqədar Tədbirlər Planında il ərzində həm ölkə daxilində, həm də xaricdə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bu məqsədlə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də bir sıra təbirlər – konfranslar, seminar-treninqlər, “dəyirmi masa”lar, yazı müsabiqəsi təşkil edib və hazırda bu istiqamətdə işlər davam etməkdədir.Qeyd olunanlara misal kimi, “Heydər Əliyev şəxsiyyəti multikultural və tolerant dəyərlər işığında” mövzusunda müxtəlif dini qurumların üzvləri arasında müsabiqələrin təşkil edilməsini göstərmək olar. Həmçinin Dövlət Komitəsi mədəni müxtəliflik, tolerantlıq və konfliktlərin həllində mədəniyyətlərarası dialoqun rolu, multikulturalizmin Azərbaycan modeli və dünya multikulturalizm modelləri mövzularında paytaxt və regionlarda bölgə şöbələri, rayon və şəhər icra hakimiyyətləri və digər dövlət qurumlarının birgə təşkilatçılığı ilə ardıcıl tədbirlər həyata keçirir. Müxtəlif dini konfessiyalara mənsub dini icmaları, din xadimlərini, dindarları, xüsusilə dindar gəncləri, eləcə də qeyri-hökumət təşkilatlarını, kütləvi-informasiya vasitələrini, yaradıcı qurumları, ziyalıları, habelə Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələrini əhatə edən bu tədbirlərdə Azərbaycan xalqının zəngin multikultural, tolerant dəyərləri, dövlətin bu sahədə həyata keçirdiyi ardıcıl, eyni zamanda qətiyyətli siyasəti təbliğ və təşviq olunur. Bundan başqa, “Multikulturalizm ili” çərçivəsində rayon icra hakimiyyətləri ilə birgə bölgələrdə “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda vaxtaşırı regional konfranslar təşkil olunur.
Bildiyimiz kimi, 09 noyabr Bayraq günüdür.Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı, həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində respublikamızda anarxiyanın, özbaşınalığın qarşısı alınmış, ictimai-siyasi sabitlik təmin edilmiş, ölkənin parçalanmasına yönəlmiş separatçı cəhdlər uğursuzluğa düçar olmuşdur. Üçrəngli bayrağımızın ikinci dəfə dövlət rəmzi kimi təsbit edilməsi də ulu öndər Heydər Əliyevin  rəhbərliyi ilə hazırlanan, 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyasında da öz əksini tapmışdır.
Ölkə başçısının 17 noyabr 2009-cu il tarixli Sərəncamı ilə təsis edilmiş Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü müqəddəs bayrağımıza, tarixi keçmişimizə və mənəvi-siyasi dəyərlərimizə dövlət səviyyəsində olan diqqət və ehtiramın ən yüksək səviyyədə göstəricisidir. 9 noyabr Azərbaycanda rəsmi olaraq Dövlət Bayrağı Günü kimi qeyd edilir. 2010-cu il sentyabrın 1-də Dövlət Bayrağı Meydanının təntənəli açılışı Prezident İlham Əliyevin bir daha dövlət rəmzlərimizə verdiyi dəyərin bariz nümunəsidir. Dünyanın ən uca bayrağı Bakıda Dövlət Bayrağı Meydanında dalğalanan Azərbaycan bayrağıdır. Dövlət Bayrağı Meydanının təməli 2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində qoyulmuşdur.
          İnşa olunmuş bayrağın hündürlüyü 162, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, kütləsi isə təqribən 350 kiloqramdır.
Bununla da Azərbaycanın hər bir regionunda bayraq meydanlarının yaradılması kimi ənənənin əsası qoyulmuş oldu. Hal-hazırda Qazax rayonundakı Bayraq meydanı öz gözəlliyi ilə seçilir.Bu bayraq meydanı 2012-ci ildə tikilib istifadəyə verilmişdir.2016-cı ildə isə bu meydan əsaslə şəkildə təmir olunmuşdur. 
Bayrağımız qürur mənbəyimizdir, and yerimizdir. Müqəddəs bir varlıq kimi üçrəngli bayrağımıza and içirik. Xalqımızın qəhrəmanlıq tarixindən gələn bu ənənə keçmişimizdə olduğu kimi bu gün də hər bir vətəndaşımızın üzərinə ciddi mənəvi məsuliyyət qoyur. Bu məsuliyyət dövləti, milli maraqların daim keşiyində dayanmağın ictimai-siyasi əxlaqına yüksəlir. Fərd – vətəndaşlığın əxlaqi yükünü öz çiyinlərində hiss etdikcə, onun dövlətçilik idealları püxtələşir. O, şəxsi həyatındakı irəliləyişləri belə öz dövlətinin milli inkişafından ayrılmaz şəkildə dərk edir. Milli simvolların öncülü olan Bayraq vətəndaş əxlaqında məhz bu keyfiyyətləri cilalayır. Bayraqda təcəssümünü tapan rəmzlər insanın ictimai-siyasi dünyagörüşünün komponentlərinə çevrilərək, onun konkret fəaliyyət sferasında məqsədəuyğun istiqamətləri formalaşdırır və stimullaşdırır.
Sonra Qazax RİHB aparatında aparıcı məsləhətçi- psixoloq Kəmalə Cəfərova,  Qazax RTŞ-nin müdiri Nizaməddin Babanlı,Məktəb liseyin direktoru Tahirə Comərdova,  Şəhər ümumi orta məktəbin direktoru Yeganə Göyüşlü,  şair,Əməkdar incəsənət xafimi, AYB Qazax zona filialının sədri Barat Vüsal, Qazax Dövlət Sosial İqtisadi Kolecində şöbə müdiri Elvira Əfəndiyeva,  Yuxarı Salahlı kənd tam orta məktəbin  XI sinif şagirdi, 2017-ci ilin mart ayında keçirilən tur aksiyanın  iştirakçısı İbrahimova Arzu,  Qazax şəhər 2 saylı tam orta məktəbin  X sinif şagirdi,  hazırki tur aksiyanın iştirakçısı Əfəndi Kərəm,  Hüseynbəyli kənd sakini, valideyn Nuridə Osmanova, Qazax şəhər sakini, valideyn, Şəhər 4 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Aynurə Alıyeva  və başqaları mövzu ilə bağlı geniş çıxış etmişlər.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik, əməkdar incəsənət xadimi, prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbani çıxış edərək bu günlərdə rayonumuzda keçiriləcək respublika əhəmiyyətli “Ordumuz-qürurumuz, xalqımız-dayağımız” adlı tədbirdən söz açıb. Qazaxla bağlı yenicə çapdan çıxmış kitabı və hazırlanmış döş nişanını İcra Başçısına təqdim edib.
Tədbirə Qazax rayonu İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov yekun vuraraq bildirmişdir ki, əziz məktəblilər siz bu tur-aksiyada bir-birindən gözəl məkanlarda olacaqsınız,  ölkəmizin cənub bölgəsinin  zəngin və çoxəsrlik tarixi, mədəniyyəti haqqında dolğun məlumat əldə edəcəksiniz. Bu tur aksiyada sizlərin hər birinə uğurlar və müvəffəqiyyət arzulayıram.

 

 

Keçidlər