Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda körpələrə qayğı diqqət mərkəzindədir

11 noyabr 2017 | 16:00

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da bütün sahələrlə yanaşı, azyaşlı körpələrin sağlam, hərtərəfli və düzgün böyüməsi, tərbiyə olunması üçün yeni uşaq bağçaları tikilir, əsaslı şəkildə yenidən qurulur, müasir inventar və avadanlıqlarla təmin olunur. Qazax şəhərində tikintisi başa çatdırılan 100 yerlik 1 saylı körpələr evi-uşaq bağçasının yeni binası, Daş Salahlı kəndində 2 və 3 saylı uşaq bağçalarının əsaslı şəkildə təmir olunması, Kosalar kəndində 2 və 3 saylı körpələr evi-uşaq bağçalarının əsaslı şəkildə təmir olunaraq istifadəyə verilməsi körpə fidanların sağlam şəraitdə böyümələri üçün atılan əhəmiyyətli addımlardandır.
Qazaxda əsaslı şəkildə təmir olunaraq yenidən qurulmuş Xanlıqlar kənd körpələr evi-uşaq bağçasının açılışı olub. Açılış mərasimində Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Milli Məclisin deputatı Ülviyyə Ağayeva, RİHB Aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, bağça müdirləri, müəllim və valideynlər, kənd sakinləri, KİV nümayəndələri iştirak etmişlər.
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov açılış mərasimində çıxış edərək körpə balaları, onların valideynlərini və müəllimləri, kənd sakinlərini bağçanın istifadəyə verilməsi münasibətilə səmimi qəlbdən təbrik edib və ən xoş arzularını bildirib. Qeyd edib ki, ölkəmizdə uşaqlara həmişə diqqət və qayğı göstərilir və onların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı respublikamızda müxtəlif tədbirlər həyata keçirilir. Bu siyasətin əsasını Ulu Öndər Heydər Əliyev qoyub və bu gün də dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İcra Başçısı bildirib ki, bu sahədə Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən məqsədyönlü işlər görülür. Bunun nəticəsidir ki, respublikamızda müasir körpələr evi-uşaq bağçalarının tikintisi, əsaslı şəkildə yenidən qurulması ilbəil artır. Bu cür layihələrin icra edilməsi, ümumilikdə, uşaqların sosial müdafiəsinin gücləndirilməsi onların bilikli, savadlı və intellektual şəxsiyyət kimi formalaşmasında vacib rol oynayır.
Milli Məclisin deputatı Ülviyyə Ağayeva tədbirdə çıxış edərək son bir il yarım ərzində Qazax rayonunda aparılan tikinti-quruculuq və abadlıq işlərinin daha da genişlənməsindən və aparılan işlərin keyfiyyətindən danışmışdır. Qeyd edib ki, Qazax bu müddət ərzində durmadan inkişaf edərək öz görkəmini  dəyişmişdir. Bunu rayonda inşa olunan sosial obyektlərin, müəssisələrin, məktəblərin, uşaq bağçalarının istifadəyə verilməsindən, eləcə də digər sahələrdə olan inkişafdan aydın şəkildə görmək olar. Sevindirici hal odur ki, bu inkişaf şəhərlə yanaşı, kəndlərdə də uğurla davam etdirilir. Xanlıqlar kəndində əsaslı təmir olunaraq istifadəyə verilən körpələr evi-uşaq bağçası da bunun əyani sübutudur.
Tədbirin aparıcısı, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal Xanlıqlar kənd bağçasının əsasının bu kəndin yetirməsi olan xalq şairi  Mirvarid Dilbazinin təşəbbüsü ilə qoyulduğunu qeyd edib.
Sonra şair Zaməddin Ziyadoğlu, Bakı Dövlət Universiteti Qazax filialının direktoru, professor Vüsət Əfəndiyev, rayon təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçasının müdiri Fəxrəndə Məmmədova, şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri İradə Mustafayeva, valideynlərdən Xatın Hüseynxanova, qonaqlardan Səbinə Yusif və başqaları çıxış edərək böyüməkdə olan balaların yüksək şəraitdə təlim və tərbiyə almaları üçün göstərilən diqqət və qayğıdan böyük fərəh hissi keçirdiklərini bildiriblər. Uşaqlar üçün yaradılan bu gözəl şəraitə görə Respublika Prezidenti cənab İlham Əliyevə müəllim və valideynlər, bütün kənd sakinləri adından öz dərin minnətdarlıqlarını bildiriblər.
Sonra söz bağçada tərbiyə alan uşaqlara verilib. Körpə fidanlar Vətən, Ana və Ordumuz haqqında şeirlər söyləyiblər. Onların oxuduqları şeirlər böyük maraqla qarşılanıb.
Uşaq bağçası binasının rəmzi açılışını bildirən lent kəsildikdən sonra tədbir iştirakçıları bağça ilə tanış olublar. Bağçanın dünənini və bu gününü özündə əks etdirən fotostendə baxdıqdan sonra yataq, oyun, musiqi otaqlarına və  mətbəxə baxıblar.  Yeni bağçada yaradılan şərait tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.
Sonda Rəcəb Babaşov bir daha xeyir-dua verərək bağça kollektivinə səmərəli fəaliyyət arzulayıb və ən xoş arzularını çatdırıb.

Vəli  VƏLİYEV,
“Respublika”
11.11.2017-ci il

Keçidlər