Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax rayonunda aqroparkın yaradılması təşviq olunur

18 noyabr 2017 | 16:00

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi tədbirlərina davam etdirir. Nazirliyin mətbuat xidməti xəbər verir ki, bu sahədə növbəti işgüzar forum noyabrın 16-da Qazax rayonunun Canalı kəndində keçirilib.
Forum çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılıb, Fond tərəfindən Qazax rayonunun iqtisadi potensialına uyğun olaraq, aqroparkın, ixtisaslaşdırılmış “yaşıl market”in, kartofçuluq, cins heyvandarlı və arıçılıq təsərrüfatlarının, ət kəsimi və süd emalı müəssisələrinin və otelin yaradılması üzrə hazırlanmış nümunəvi  investisiya layihələri  və metodiki materiallar təqdim olunub.
Forumda İqtisadiyyat  Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun şöbə müdiri Samir Hümbətov özəl bölmənin inkişafında, xüsusən  də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində  həyata keçirdiyi tədbirlər  barədə məlumat  verib. Bildirib ki, bu ilin ötən dövrü ərzində 1437 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 104 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə reallaşdırılan investisiya layihələri 4300-dək yeni iş yerinin açılmasına imkan yaradır. Forum çərçivəsində, həmçinin rayonda fəaliyyət göstərən sahibkar tərəfindən aqroparkın yaradılması ilə bağlı güzəştli kreditin alınmasına dair müzakirələr aparılıb. S.Hümbətov məlumat verib ki, hazırda 26 rayonda 40 aqroparkın yaradılması  təşviq olunur. Artıq Xaçmaz, Şəmkir və Cəlilabad rayonlarındakı aqroparklarda 1-ci mərhələ üzrə işlər başa çatdırılıb. Ümumi dəyəri 270 milyon manat olan 12 aqroparkın   yaradılmasına 86,4 milyon  manat güzəştli  kredit  verilib.
  Forum çərçivəsində müvəkkil kredit təşkilatları  vasitəsilə Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 1,9 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər heyvandarlıq, tərəvəzçilik, otel tikintisi,  və s. sahələrin inkişafına yönəldiləcək. Bu layihələrin reallaşdırılması nəticəsində 100-dək yeni iş yerinin  açılması nəzərdə tutulur.  Ümumilikdə isə, bugünki tədbirdə verilən kreditlər də daxil olmaqla  Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 6450-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 237,2 milyon manat güzəştli kredit verilib.
Tədbir çərçivəsində Qazax rayonunda dövlətin güzəştli krediti ayrılan meyvə-tərəvəz emalı müəssisəsinə baxış keçirilib.

Nəriman CAVADOV,
“Respublika”
18.11.2017-ci il

Keçidlər