Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax:“ordumuz qürurumuz,xalqımız dayağımızdır”

19 noyabr 2017 | 16:00

Düşmənlə 168 km məsafədə yerləşən Qazax rayonu Vətənin müdafiəsi yolunda 283 şəhid verib. Onlardan 7 igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Qazaxın 7 kəndi bu gün də erməni işğalçılarının tapdağı altındadır. Qazax rayonu görkəmli sənətkarların beşiyi, qəhrəmanlar diyarıdır. “Rus artilleriyasının Allahı” adlandırılan Əliağa Şıxlinski, ilk azərbaycanlı general-topoqraf  İbrahim ağa Vəkilov, ilk təyyarəçi Fərrux ağa Qayıbov, Sovet İttifaqı Qəhrəmanı Müseyib Allahverdiyev, Azərbaycanın Milli Qəhrəmanı Rafiq Alcanov, Əjdər Babayev, Şamoy Çobanov, Aqil Musayev, Alı Mustafayev, Mərifət Nəsibov, Firuddin Şamoyev və neçə-neçə qəhrəman Qazax rayonundan pərvazlanıb. Qazax oğulları nəinki bu bölgədə, eləcə də Ağdərə, Tərtər, Ağdam, Goranboy, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər, Şuşa və digər rayonlar uğrunda da əsl fədakarlıq göstəriblər.
    Məhz buna görə rayonda  hərbi vətənpərvərlik  tərbiyəsinin yeni forma  və metodlarından  istifadə  etmək və bu  işi daim nəzarətdə  saxlamaq  zərurəti yaranır. Bu günlərdə rayonda Azərbaycan Respublikası Müdafiə Nazirliyi və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Ordumuz-qürurumuz, xalqımız-dayağımız” devizi altında  ölkəmizdə   ilk dəfə keçirilən kütləvi hərbi vətənpərvərlik tədbiri də bu məqsədi daşıyırdı.
Həmin gün tədbirin keçirildiyi  Heydər Əliyev parkına minlərlə rayon sakini toplaşmışdı.  Tədbir iştirakçıları əvvəlcə “Fəxri qazaxlılar” parkına gəlmiş, daha sonra Şəhidlər Xiyabanına gedərək, Xatirə lövhəsi önünə  gül dəstələri qoymuşlar. Heydər Əliyev parkında ulu öndərin abidəsi önünə də gül-çiçək dəstələri düzülmüşdür.
Müdafiə nazirinin müşaviri  Abdulla Qurbani məqsəd və əhəmiyyətindən danışaraq mərasimi açıq elan etmişdir.
Ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsi  bir dəqiqəlik sükutla yad olunmuş və Dövlət Himni səsləndirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazax və qazaxlılar haqqında çıxışı monitor vasitəsilə nümayiş etdirilmişdir. Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirdə çıxış edərək demişdir ki, gələn il 100 illiyini dövlət səviyyəsində, ümumxalq bayramı kimi qeyd edəcəyimiz  Azərbaycan Ordusu yarandığı gündən erməni-daşnak-bolşevik qüvvələrinə qarşı mübarizə aparmış, fədakarlıqlar göstərmişdir. Bu ordu ağır sınaqlardan daim üzüağ çıxmış, neçə-neçə şəhid vermişdir. Bugünkü ordumuz Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun varisidir və bu varislik ənənələrinə həmişə sadiqdir. Ancaq hər kəs etiraf edər ki, bugünkü müasir Azərbaycan Ordusunun əsl qurucusu, memarı Azərbaycan dövlətinin müstəqilliyini bərpa etməsinə və onun inkişafına misilsiz töhfələr vermiş, xalqımızın ümummilli lideri Heydər Əliyevdir.
Siyasi fəaliyyəti və təkrarolunmaz həyat yolu ilə yaddaşlarda əbədiyyət qazanmış Ulu Öndərimiz bütün sahələrdə olduğu kimi Azərbaycanın ordu quruculuğunda da yeni mərhələlərin əsasını qoymuşdur. Uzaqgörən dahi rəhbərimizin hələ ötən əsrin 70-ci illərində sovet sisteminin o zamankı tələbləri ilə uyğunlaşmayan təşəbbüs irəli sürərək indiki Cəmşid Naxçıvanski adına Hərbi Liseyi yaratması tarixi hadisədir.  Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra, ölkəmiz yenidən erməni təcavüzü ilə üzləşəndə analoqsuz bu xüsusi təyinatlı təhsil ocağının nə qədər böyük əhəmiyyət kəsb etdiyini, düşünülmüş bir siyasət olduğunu hamı dərk etdi. Həqiqətən ulu öndərimizin yaratdığı bu məktəb olmasaydı, mütəşəkkil Milli Ordumuz haqqında danışmaq belə mümkün deyildi.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev haqlı olaraq demişdir ki, müasir mütəşəkkil ordunu yaratmaq Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri olmuşdur. Bu gün Azərbaycanın güclü ordusu vardır. Azərbaycan Ordusu qarşısında duran bütün vəzifələri həll etməyə qadir bir ordudur.
Ulu öndərimiz dönə-dönə deyərdi ki, Azərbaycan Respublikasının təhlükəsizliyini və müdafiəsini təmin etmək kimi müqəddəs vəzifəni yerinə yetirən Milli Ordu bütün xalqın övladıdır və onun formalaşmasına, inkişafına müntəzəm qayğı və diqqət göstərmək hər bir dövlət təşkilatlarının, yerli orqanların, özəl qurumların hər bir Azərbaycan vətəndaşının borcudur.
Rayon icra hakimiyyətinin başçısı demişdir ki, Qazaxın müdafiəsində dayanan igid oğullarımız, bütün xalqımız kimi hər bir qazaxlı da sizinlə fəxr edir: “Siz gecəli-gündüzlü  torpaqlarımızın keşiyində ayıq-sayıq dayanırsınız. Düşmən təxribatlarının qarşısın mərdliklə alır, qətiyyətli hərəkətlərinizlə düşmənin layiqli dərsini verirsiniz. Sizin sayənizdə bölgədə sakitlikdir, əmin-amanlıqdır. İnsanlar qurub-yaradır, əkin sahələri əkilib-becərilir, başqa sözlə həyat öz axarı ilə davam edir. Hətta düşmənin beş metrliyində,  daim atəş altında yaşadıqlarına baxmayaraq, heç kim öz yurd-yuvasını tərk etmir. Qazaxlılar öz ordusuna inandıqları, ona güvəndikləri kimi, əziz əsgərlər, siz də arxanızda möhkəm dayanan xalqı görüb, daha da ruhlanır, fərəhlənirsiniz. Bunu biz bilirik və yüksək dəyərləndiririk.”

Daha sonra qeyd olunmuşdur ki, qazaxlılar son illər ordu quruculuğunda uğurla aparılan islahatları diqqətlə izləyir və hər bir yenilik, hər bir uğurlu addım bizi ruhlandırır. Bəlkə də heç vaxt ordu ilə xalq indiki kimi həmrəy, sarsılmaz olmamışdır.  Xalqla ordunun birliyi  isə həm xalqın qüdrətini artırır, həm də ordunu daha da qüvvətli edir. Əminik ki, bu həmrəylik bundan sonra da davam etdiriləcəkdir.
2016-cı ilin aprel döyüşləri  qazaxlılara da əsl qələbə sevincini yaşadıb. Həqiqətən də aprel döyüşləri dövlətimizin, ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini, vətənpərvərliyini göstərdi.
Bu döyüşlər zamanı təkcə Qazax rayonu 3 nəfər şəhid verdi. Xalq şəhidlərini böyük izdihamla son mənzilə yola saldı.
Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi,  general-mayor Rasim Əliyev çıxış edərək Azərbaycan ordusunun qüdrətindən, Silahlı Qüvvələrimizn dünyanın müasir texnika ilə təmin olunmuş ordularından biri olduğunu qeyd etdi. Bildirdi ki, bu gün ordumuz işğal altında olan torpaqlarımızı azad etməyə hər an hazırdır və qadirdir.
  R.Əliyev Müdafiə Nazirinin əmri ilə təltif olunmuş bir qrup Qazax sakininə xatirə mükafatlarını təqdim etdi. Mükafatlar Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova, sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudova, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsala, Əməkdar müəllim Xatın Hüseynxanovaya, hərbi hissə komandiri Fuad Ələkbərova təqdim olundu.
  Sonra meydana çıxan xüsusi təyinatlılar nəyə qadir olduqlarını nümayiş etdirdilər. Silahlı Qüvvələrin mahnı və rəqs ansamblının ifasında nümayiş olunan ədəbi-bədii xoreoqrafik kompozisiya tədbirə toplaşanlar tərəfindən alqışlarla qarşılandı. Hərbiçilərin oxuduğu “Ordumuz-qürurumuz, xalqımız-dayağımız” mahnısı tamaşaçılarda böyük qürur hissi oyatdı.  “Ali baş komandanın hər bir əmrinə hər an hazırıq” kompozisiyası öz mübarizliyi və vətənpərvərlik hisslərinin aşılanması nöqteyi-nəzərindən fərqləndi.
  Qazaxlı Milli Qəhrəmanların meydana gəlişi tamaşaçılarda kədər qarışıq bir qürur hissi oyatdı. Aktyorların ifasında səhnəyə Milli Qəhrəmanlardan Rafiq Alıcanov, Əjdər Babayev, Şamoy Çobanov, Alı Mustafayev, Firuddin Şamoyev, Aqil Musayev, Mərifət Nəsibov səhnəyə gəldilər. Qaratel Hacımahmudova səhnəyə çıxaraq igidləri düşmən tapdağı altında olan Vətən torpaqlarını azad etməyə səslədi. Bir qədər sonra isə yaralı əsgər mahnı ifa edərək meydana çıxdı. Şair Barat Vüsal “Yarama torpaq tökün” şeirini ifa etdi.
  Hərbiçilərin ifasında səslənən “İlhamla gedirik gələcəyə biz” mahnısı tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı.
Şəhid atasının dediyi “Lazım gələrsə döyüşə birinci mən gedərəm” sözləri izdihamda  böyük bir coşqu yaratdı. “Dalğalanır ulu bayraq” mahnısının sədaları altında Qazaxdakı hərbi hissənin yaranmasının 25 illiyi qeyd olundu. Bu münasibətlə xidmətdə fərqlənən bir qrup əsgər və zabitə Qazax rayon İcra Hakimiyyətinin təsis etdiyi “Qazaxın müdafiəsində xidmətlərinə görə” medalları təqdim olundu.
Sonra  Rəcəb Babaşov “Qazax – xidmət etdiyim diyar” kitabının ilk nüsxəsini general-mayor Rasim Əliyevə təqdim etdi. Qeyd olundu ki, bu kitab Qazaxda hərbi xidmətdə olan əsgərlərə veriləcəkdir.
Sonra Ali Baş Komandan, Prezident İlham Əliyevin Aprel döyüşləri ilə əlaqədar çıxışı monitor vasitəsilə təqdim olundu.
Tədbir Silahlı Qüvvələrin mahnı ansamblının ifasında səslənən “Biz gedirik Qarabağa” mahnısı ilə başa çatdı.
Tədbirdə Milli Məclisin deputatları Ülviyyə  Ağayeva, Xanhüseyn Kazımlı, istefada olan hərbçi , general-mayor Mahmud Həmzəyev və başqaları iştirak etmişlər.

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
19.11.2017-ci il

Keçidlər