Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax Dövlət Rəsm Qalereyası ilə tanışlıq məktəblilərdə rəssamlıq peşəsinə maraq oyadır

18 dekabr 2017 | 16:00

Xəbər verdiyimiz kimi, noyabr ayının 27-dən başlayaraq rayon məktəbliləri Qazax Dövlət Rəsm Qalereyasında olaraq burada nümayiş etdirilən Azərbaycan miniatürləri, Azərbaycanın görkəmli rəssamlarının sənət əsərləri, ölkəmizin füsunkar təbiətini əks etdirən tablolar və əl işləri, görkəmli alimlərin və şairlərin fotoşəkilləri haqqında məlumatlar əldə edirlər.
Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşovun tapşırığına əsasən həyata keçirilən tədbirin əsas məqsədi Azərbaycanın tanınmış rəssamlarını, onların əl işlərini tanıtmaq və yeniyetmələrdə rəssamlıq sənətinə olan marağı artırmaqdır.
Qalereyanın direktoru Münəvvər Xəlilova bildirib ki, hər gün bir neçə məktəb və yüzlərlə şagird qalereyanın qonağı olur. Bu gün isə Aydın Məmmədov adına Qaymaqlı, Aslan Kəmərli adına Kəmərli, Akif Bəbirov adına  Xanbağı və  Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəblərindən gəlmiş 154 nəfər  şagird qalereyada nümayiş olunan əsərlərlə tanış olub. Məktəblilərə məlumat verilib ki, hal-hazırda qalereyada ümumilikdə 548 eksponat nümayiş olunur ki, bunlar əsasən boyakarlıq və rəsm əsərləridir. Məktəblilərin sevimli məkanına çevrilən qalereyada əsasən vətənpərvərlik, Azərbaycan tarixi, bayrağımız, tarixi və milli qəhrəmanlarımız, Qarabağımız, mültikultural dəyərlərimiz və ölkəmizin füsunkar təbiətini özündə əks etdirən şəkillər sərgilənir. Bu əsərlər şagirdlər tərəfindən maraqla qarşılanır.
Qalereyada iştirak edənlər qeyd ediblər ki, istər tələbələrin, istərsə də orta məktəb şagirdlərinin rəssamlarımızın əl işləri ilə yaxından tanış olmasında bu cür tədbirlərin təşkil edilməsinin böyük əhəmiyyəti var. Onlar mütəmadi olaraq qalereyaya baş çəkdiklərini və hər dəfə də yeni rəsm əsərləri, gənc rəssamların maraqlı əl işləri ilə tanış olduqlarını söyləyiblər.
  Məktəblilər onlar üçün bu cür tədbirin həyata keçirilməsinə görə rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşova minnətdarlıq edib, ən xoş arzularını bildiriblər.

Keçidlər