Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Qəhrəmanlarımız

                                               Mustafayev Alı Mustafa oğlu

Mustafayev Alı Mustafa oğlu 14 aprel 1952-ci ildə Qazax rayonunun Qazaxbəyli kəndində anadan olmuşdur. 1959-cu ildə Qazaxbəyli kənd səkkizillik məktəbinə getmiş, 1969-cu ildə Daş Salahlı kənd orta məktəbini bitirmişdir. 1971-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. 1973-cü ildə əsgəri xidmətini başa vurub Bakı Elektrik Maşınqayırma zavodunda əmək fəaliyyətinə başlamışdır. O, zavodda işlədiyi müddətdə "Elektrik" qəzetində tez-tez maraqlı yazılarla, şerlərlə çıxış edirdi.
Alı Mustafayev  1976-cı ildə zavod həmkarlar təşkilatının və zavod rəhbərliyinin göndərişilə ADU-nun (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsinə daxil olur. 1981-ci ildə təhsilini başa vurub Azərbaycan Dövlət Teleradio Şirkətinin "Xəbərlər" proqramında jurnalist kimi faəliyyətə başlayır. Çox keçmir ki,"İlin ən yaxşı jurnalisti", "Qızıl qələm" mükafatlarına layiq görülür. İşləyə-işləyə təhsilini davam etdirərək Bakı Ali Partiya Məktəbini də bitirir. O, çevik, qorxmaz bir telejurnalist idi, qaynar nöqtələrdən reportajlar hazırlamağa  birinci gedirdi. Bir neçə dəfə vertolyot qəzasına düşsə də, təhlükəli ezamiyyətlərə getməkdən çəkinmirdi. O, neçə dəfə ölümdən qayıtmışdı.
20 noyabr 1991-ci ildə Tuğ, Xocavənd, Qaradağlı kəndində törədilən faciələrlə yerində tanış olmaq üçün gedən hökümət nümayəndələrini aparan hərbi vertolyot erməni terrorçuları tərəfindən Qarakənd kəndi yaxınlığında vuruldu. Nəticədə 23 nəfər sayseçmə insan faciəli surətdə həlak oldu. Alı Mustafayev də onların arasında idi.
Ailəli idi. Üç oğul övladı qalıb.
Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı Fərmanı ilə Mustafayev Alı Mustafa oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Ölümündən sonra "Respublikanın əməkdar jurnalisti" fəxri adına layiq görülmüşdür.
Bakının Nərimanov rayonundakı 202 saylı və Qazax rayonundakı Qazaxbəyli kənd tam orta məktəbləri, Bakı şəhəri 3-cü mikrorayondakı və Qazax şəhərindəki küçələrdən biri onun adını daşıyır. Qazax rayonu Qazaxbəyli kənd tam orta məktəbinin qarşısında büstü qoyulmuşdur.
2017-ci ilin aprel ayının 18-də Qazax rayonunun Qazaxbəyli kəndində Alı Mustafayevin xatirəsinə tikilmiş bulaq kompleksinin təntənəli açılış mərasimi  olmuşdur.

 

                                               Çobanov Şamoy Məhyəddin oğlu

Çobanov Şamoy Məhyəddin oğlu 19 yanvar 1965-ci ildə Qazax rayonunun Ağköynək kəndində anadan olmuşdur. 1982-ci ildə Qazax şəhər 1 nömrəli orta məktəbini bitirdikdən sonra avtonəqliyyat müəssisəsində əmək fəaliyyətinə başlamışdır. Şamoy Çobanov 1983-cü ildə Sovet Ordusu sıralarına hərbi xidmətə çağırılır. O, 1985-ci ildə ordudan tərxis olunaraq doğma yurdu Qazax şəhərinə dönür. Əvvəllər işlədiyi müəssisədə çilingər kimi işini davam etdirir. 
O, 1989-cu ildə Qazax Rayon Polis Şöbəsinə işə qəbul olunur. O zamanlar erməni yaraqlılarının Xeyrımlı, Yuxarı Əskipara, Bağanıs Ayrım kəndlərinə hücumları ara vermirdi.  Şamoy bu kəndlərdə əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə öz polis yoldaşları ilə birgə postlar qurmuşdu. Cəsur polis işçisi tez-tez erməni yaraqlıları ilə üzbəüz gəlirdi. O, erməni quldurlarına öz çirkin əməllərini həyata keçirməyə imkan vermirdi.
19 avqust 1990-cı ildə Yuxarı Əskipara kəndinə gedən avtobusu Şamoy müşayiət edirdi.  Kəndin yaxınlığındakı “Qanlı dərə” adlanan ərazidə erməni silahlıları gözlənilmədən  avtobusa hücum etdilər. Şamoy cəld avtobusdan yerə atıldı. Qanlı döyüş başladı. Düşmən geri oturdulsa da, sərnişinlərdən  yaralanan və ölənlər var idi.
Həmin döyüşdə Qazax eli bir igidi də itirdi. Bu, kənd camaatının böyük hörmətini qazanmış  vətənpərvər polis əməkdaşı Şamoy Çobanov idi.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin  8 oktyabr  1992-ci il tarixli 264 saylı Fərmanı ilə  Çobanov Şamoy Məhyəddin oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir. Ağköynək kəndində dəfn edilmişdir.
Ağköynək kənd tam orta məktəbi və Qazax şəhərindəki küçələrdən biri onun adını daşıyır. Qazax rayonu Ağköynək kənd tam orta məktəbinin qarşısında büstü qoyulmuşdur.

 

                                             Nəsibov Mərfət Əhməd oğlu

Nəsibov Mərfət Əhməd oğlu 1972-ci il mayın 22-də Qazax rayonunun  Məzəm kəndində anadan olmuşdur. O, 1979-cu ildə burada  məktəbə getmiş, 1989-cu ildə isə Aşağı Əskipara kənd orta məktəbini bitirmişdir. 1990-cı ildə Qazax Rayon Hərbi Komissarlığının göndərişi ilə sürücülük peşəsinə yiyələnmişdir. Elə həmin il həbi xidmətə çağırılmışdır. Sovet ordusu sıralarında bir il xidmət etdikdən sonra Vətənə qayıtmış və könüllü olaraq Milli Orduya yazılmışdır.  M.Nəsibov ilk gündən torpaqlarımızın müdafiəsində fəal iştirak etmiş, şəxsi igidlik  və fədakarlıq  nümunəsi göstərmişdir. Mərfət Nəsibov torpağa, döyüş dostlarına şox sadiq bir gənc idi. O, həmişə öndə gedir, Qazax rayonunun Ermənistanla sərhəd kəndlərini cəsur bir əsgər kimi qoruyurdu.
1992-ci il yanvar ayının 28-i Mərfət Nəsibov Qazax rayonunun Quşçu Ayrım kəndində gedən mövqe döyüşləri zamanı qəhrəmancasına  həlak oldu.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin  7 iyul  1992-ci il tarixli 833 saylı Fərmanı ilə Nəsibov Mərfət Əhməd oğluna "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Qazax rayonunun Məzəm kəndində dəfn olunmuşdur.
Qazax şəhərində adına bulaq tikilmişdir. Bulaq 2017-ci ildə yenidən qurularaq yeni görkəmə salınmışdır.
Qazax şəhərindəki küçələrdən biri onun adını daşıyır.

 

                                                Şamoyev Firuddin İsa oğlu

Şamoyev Firuddin İsa oğlu 1962-ci il fevral ayının 7-də Qazax şəhərində anadan olmuşdur. Orta təhsilini Qazax şəhərində almışdır. 1981-1983-cü illərdə Qazax Rayon Hərbi Komissarlığının çağırışı ilə həqiqi hərbi xidmətdə olmuşdur. Ordudan tərxis olunduqdan sonra doğulduğu Qazax şəhərinə gələrək Təmir-Tikinti idarəsində çilingər kimi işə başlayır.
Ermənilərin 1988-ci ildən başlanan əsassız ərazi iddiaları, onların törətdiyi qanlı cinayətlər, Vətənin bütün qeyrətli oğulları kimi Firuddini də hədsiz dərəcədə hiddətləndirirdi. Dağlıq Qarabağda, eləcə də digər sərhəd bölgələrimizdə axıdılan günahsız qanlar ara vermirdi. Kəndlərimiz talan edilir, əhali təlaş içində yaşayırdı. F.Şamoyev 1991-ci il iyulun 8-də könüllülərdən ibarət dəstəyə yazıldı. O,707 saylı hərbi hissənin minaatan bölüyünün komandiri vəzifəsinə  təyin olundu. Cəsur komandir Qazax rayonunun Bağanıs Ayrım, Məzəm, Quşçu Ayrım və digər  kəndlərinin müdafiəsində dəfələrlə iştirak etmiş, düşmənin atəş nöqtələrinin  məhv edilməsində rəşadət göstərmişdi.
13 aprel 1992-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndi ətrafında gedən ağır döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Ailəli idi. Üç övladı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin  7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Şamoyev Firuddin İsa oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Qazax şəhərində Şəhidlər xiyabanında dəfn edilmişdir.
Qazax şəhər 4 saylı tam orta məktəb və Qazax şəhərindəki küçələrdən biri onun adını daşıyır. 
Qazax şəhərində Firuddin Şamoyevin xatirəsinə tikilmiş bulaq 2017-ci ildə əsaslı təmir olunaraq yenidən qurulmuş və  açılışı olmuşdur. Qazax şəhər 4 saylı tam orta məktəbin daxilində  baralyefi hazırlanmışdır.

 

                                                Musayev Aqil Hüseyn oğlu

Musayev Aqil Hüseyn oğlu 1974-cü il noyabrın 3-də Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1982-ci ildə Qazax rayon İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1992-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. Sonra təhsilini Qazax şəhərindəki 117 saylı texniki-peşə məktəbində davam etdirmişdir. Sürücü peşəsinə yiyələnmişdir.
1993-cü il mayın 18-də Qazax rayon Hərbi Komissarlığı tərəfindən  Milli Ordu sıralarına çağırılmışdır. Bir müddət təlim-məşq toplanışlarında iştirak etmişdir. Az müddətdə  əsgər və zabit heyətinin hörmətini qazanmışdır. O, 777 saylı hərbi hissənin tərkibində cəbhəyə getmişdir.  İlk döyüşü Ağdam bölgəsində olmuşdur. Aqil hər dəfə döyüşə yollananda ürəyindən bir arzu keçirdi-torpaqlarımızı tezliklə erməni tapdağından təmizləmək! Döyüşlərdə ölümün gözünə dik baxır, rəşadətlə vuruşurdu.
A.Musayev Füzuli və Tərtər bölgələrində də erməni işğalçılarına  qarşı aparılan əməliyyatlarda fəal iştirak etmişdir. Füzuli istiqamətində gedən  döyüşdə yaralanmışdır.  Bir müddət müalicə olunduqdan sonra yenidən  səngərə qayıtmışdır.
O, böyük arzularla yaşayırdı. Lakin arzuları yarımçıq qaldı. 1994-cü il oktyabrın 5-də, Gəncə hadisələri zamanı qiyamçı dəstənin zərərsizləşdirilməsində iştirak edərkən  qəhrəmancasına həlak oldu.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr  1994-cü il tarixli 215 saylı Fərmanı ilə Musayev Aqil Hüseyn oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Qazax şəhərində Şəhidlər xiyabanında dəfn edilmişdir.
Qazax şəhərindəki küçələrdən biri onun adını daşıyır.

Keçidlər